Plenar iclaslar, Qanun Layihələri 25 Noyabr 2022, 12:42 | Baxış sayı: 150
“Sosialyönümlü xərclər 15 milyard manata çatdırılıb”

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bir sıra məsələlərə münasibət bildirdi. “Bildirmək istərdim ki, 2023-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı layihə haqqında həm biz, həm də Maliyyə və İqtisadiyyat nazirləri, Mərkəzi Bank idarə heyəti sədri və Hesablama Palatası sədri tərəfindən ətraflı məlumat verilib, müzakirə zamanı 50 deputat çıxış edib.

Deputat həmkarlarım layihəni konseptual olaraq 1-ci oxunuşda dəstəkləyib, bir sıra təkliflərlə çıxış ediblər, təqdim olunan makro çərçivənin iqtisadi imkanlarımıza uyğun olduğunu, dövlət qarşısında duran çağırışlara cavab vermək üçün lazımi maliyyə imkanını yaradacağını qeyd ediblər”.

T.Mirkişili bildirdi ki, 2023-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər sırasında 2023-ci il üçün dövlət büdcəsi layihəsində dövlət büdcəsi gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olaraq 30 milyard 720.7 milyon manat, xərcləri isə 2022-ci ilə nisbətən 996.2 milyon manat artılıraq 33 milyard 300 milyon manat nəzərdə tutulub: “Dövlət büdcəsi kəsirinin 2 milyard 579.9 milyon manat, neftin bir barelinin orta illik qiymətinin isə 50 dollar olacağı ssenarisi əsasında 2023-ci ildə inflyasiyanın orta illik göstəricisinin 6.9 faiz, ümumi daxili məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əmək haqqının isə 898 manat olacağı proqnozlaşdırılıb. Qeyd edim ki, dövlət büdcəsinin vergi və gömrük rüsumlarından formalaşan gəlirlərinin proqnozu 1 milyard 807 milyon manat artırııb. Gəlirlərdə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən gələn gəlirlərin 2022-ci ilə nisbətən 3 dəfə çox, yəni 321.2 milyon manat planlaşdırılıb”.

Komitə sədri bildirdi ki, büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artılaraq 15 milyard 218.9 milyon manata və ya dövlət büdcə xərclərinin 45.7%-nə çatdırılıb: “İşğaldan azad edilmiş ərazilərin bərpası və əhalini məskunlaşması şəratinin yaradılması üçün ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması və hüquq mühafizə orqanları üçün ayrılan xərclər 495.9 milyon manat artırılaraq 8 mlrd 062.9 milyon manata, təhsil xərcləri 536 milyon manat artırılaraq 4 mlrd 423 mln manata, səhiyyə xərcləri 197.6 milyon manat artırılılaraq 1 mlrd 906 mln manata çatdırılması planlaşdırılır. Əməyin ödənişi xərcləri 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclər isə 350 milyon manat artırılması planlaşdırılıb”.

T.Mirkişili bildirdi ki, 2023-cü ildə Dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon daha artaraq 57-yə çatacaq: “Aparılmış təhlillər təqdim edilmiş layihənin büdcə qaydasına uyğun hazırlandığını deməyə əsas verir. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 24,9%, dövlət borcu ÜDM-ə nisbətinin isə16,6% olacağı proqnozlaşdırılır”. T.Mirkişilinin sözlərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Milli Məclisin digər komitələri 2023-ci il dövlət büdcəsi layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə edilərək qəbul edilməsinə müsbət rəy verib: “Hesab edirik ki, 2023-ci il Dövlət Büdcəsi layihəsi dövlətin növbəti ildə ölkəmiz qarşısında olan hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq”.

Xəbərlər