Cəmiyyət 21 Oktyabr 2021, 12:09 | Baxış sayı: 289
"Sonra yenə məmur otaqları xalqın üzünə bağlandı".

“Müharibədən sonra yeni Azərbaycan yaranıb”.

APA-nın verdiyi məlumata görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.

O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır: “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməli, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.

 

O, həmçinin bu görüşdə dialoq məsələsinə də toxunub: “Cəmiyyətdə ictimai gərginliyin pik həddə çatdığı zaman dialoq meydana çıxır”.

“Təəssüf ki, son 30 ildə Azərbaycanda dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə mümkün olub. Ona qədər Azərbaycanda siyasi partiyalar arasında görüşlərin təşkilatçısı təəssüf ki, xaricilər olub. ATƏT-in YAP-ı və digər partiyaları bir araya yığdığını yaxşı xatırlayırıq. Amma bunun nə qədər dialoq arzusuna xidmət etdiyini düşünmək absurddur. Çünki ATƏT-in bir qolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində səssiz qalırdı. Hakimiyyətdən kənarda olan siyasi vəziyyətin gərginləşməsində maraqlı ola bilər. Amma hakimiyyət bunda maraqlı olmamalıdır. Buna görə də Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyev siyasi partiyalar arasında dialoq yaratmağa başladı. Əslində, etnik tərkibi mürəkkəb olan Azərbaycanı bir dövlət kimi qoruyan əsas amillərdən biri burada yaşayan insanlar arasında təbii şəkildə yaranan birlikdir. Çox istəyiblər ki, burada yaşayan xalqları bir-birinə qarşı qoysunlar, alınmayıb. Buna görə də bu gün Azərbaycanda hər bir xalq öz etnik kimliyini qoruyaraq, yan-yana, çiyin-çiyinə durmağı bacarır. Gəldiyimiz nəticə göz qabağındadır. Lazım gələndə bu ölkənin hər bir vətəndaşı Vətən uğrunda öz həyatını qurban verə bilir”.

Xəbərlər