Siyasət 13 Avqust 2021, 12:53 | Baxış sayı: 199
"Son günlər Qarabağda ermənilərin yenidən postlar qurmasının şahidi oluruq".

Azərbaycan Xarici İşlər Nazirliyi dünya ictimaiyyətini Ermənistanın destruktiv mövqeyi barədə xəbərdar edib. Bəyanatda deyilir: “Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir”.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə mediaya müsahibəsində Ermənistanın üçtərəfli razılığın şərtlərini icra etmədiyini diqqətə çatdırır:

“Əksinə, sülhməramlıların dəstəyi ilə Qarabağda yeni hərbi obyektlər yerləşdirilir. İrandan isə naməlum yüklər daşınmaqda davam edir. Deməli, İrəvan təxribat yolundan vaz keçməyəcək. Bu isə o deməkdir ki, rəsmi Bakının provokasiyaları “Dəmir yumruq”la cavablandırması istisna deyil. Ona görə də proseslər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırıq. Dünya bilməlidir ki, Ermənistan tutduğu siyasəti yolundan geri çəkilmir”.

Deputat Ceyhun Məmmədov isə, məsələ ilə bağlı bu fikirləri bildirib:

“10 noyabrda imzalanan üçtərəfli bəyanata əsasən Qarabağda olan qeyri-qanuni silahlı birləşmələr ərazidən çıxarılmalı idi, amma hələ də bu qanunsuz dəstələr çıxarılmayıb. Son günlər Qarabağda ermənilərin yenidən postlar qurmasının şahidi oluruq. Bundan başqa, daim dövlət sərhədində gərginlik yaratmaq istəmələrini, Ermənistandan Qarabağa avtomobillərin hərəkətini müşahidə edirik. Məlumata görə, bu avtomobillərlə silah-sursat daşınır, lakin rus sülhməramlı hərbçiləri bu hadisələrə heç bir müdaxilə etmir, reaksiya vermir. Qarabağda olan seperatçı qüvvələr də, görünür, məhz onlara güvənərək təxribat fəaliyyətlərini davam etdirirlər. Zaman-zaman sülhməramlıların müxtəlif aksiyalar, tədbirlər keçirdiyinin şahidi oluruq. Azərbaycanın mövqeyi dəyişməzdir, üçtərəfli bəyannamənin maddələrinə əməl edilməlidir. Ermənilərin Qarabağda yenidən silahlanmasının qarşısı qəti şəkildə alınmalı, Ermənistanın sərhəddə təxribat törətməsinə son qoyulmalıdır”. 

Xəbərlər