Cəmiyyət 25 Avqust 2023, 18:31 | Baxış sayı: 229
“SOCAR aydın açıqlama versin, iki neftçinin boğulması məsuliyyətsizliyin nəticəsi kimi dəyərləndirilməlidir”

““Azneft” İstehsalat Birliyinin N.Nərimanov Neft və Qazçıxarma İdarəsində (NQÇİ) planlı tikinti quraşdırma işləri zamanı 2 nəfər işçi dənizə düşərək boğulubsa, bu, doğrudan da çox ciddi məsələdir. Nəinki ciddi məsələ, həyəcan siqnalıdır. Əvvəllər də bu cür hadisələr baş verib. Gəlin baxaq, Azərbaycanda işləyən xarici şirkətlərdə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən neft-qaz şirkətlərində bu cür hadisələr nə qədər tezliklə baş verir? Yaxud onlarda baş verən hadisələrin səbəbi Azərbaycanda baş verənlər kimidirmi? Ola bilər ki, müəyyən təbii fəlakətlər nəticəsində təhlükə qaçılmaz olsun, amma elə məsələlər var ki, sadəcə, insan, müdriyyət, şirkət faktoruna və onların təhlükəsizliyə nə qədər önəm vermələrinə bağlıdır. Belə görünür ki, həlak olan iki yazıq neftçinin boğulması məsuliyyətsizliyin nəticəsi kimi dəyərləndirilməlidir. Hələ ki SOCAR-ın məsələ ilə bağlı açıqlamasına rast gəlməmişəm, bəlkə də var. SOCAR-ın ictimaiyyəti, insanları, eyni zamanda Milli Məclisin deputatı kimi məni aydın məlumatlandıra biləcək və qəbuledilən tərzdə şəffaf açıqlama verməsi çox vacibdir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, Azərbaycanda iş yerlərində, yaxud fərdi iş yerlərində, günəmuzdla çalışan işçilər arasında təhlükəsizlik məsələsi prioritet deyil: “Ümumən insanlarımız arasında təhlükəsizlik sonuncu yerdə gəlir. İnsan beşinci mərtəbədə işləyir, amma özünü təhlükəsizlik kəməri ilə bərkitmir, başına “kaska” qoymur, yıxılır. Uzun müddət xarici neft şirkətlərlə işləmişəm. Onlarda ən birinci önəm, prioritet tutulan məsələ təhlükəsizlikdir. Təhlükəsizliklə bağlı 2-3% şübhə varsa, heç bir işçini əraziyə buraxmazlar, heç kim belə şəraitdə işləyə bilməz. İşə çıxan hər kəs əvvəlcədən təhlükəsizliklə bağlı beş dəqiqəlik təlimat alır, “qol” çəkir, sonra işinə başlayır. Suda üzmək, yanğın, özünü bərkitmə, vertolyotdan suya düşəndə suyun üzünə çıxma mexanizmləri və s. məsələlərlə bağlı təlimatlar verilir. Xarici şirkətdə işlədiyimə görə həm quruda, həm dənizdə bütün bu təlimləri keçmişəm. Çox çətinliklə imtahan vermişik. Hələ bizdə bu məsələlərə ciddi önəm verilmir”.

pravda.az

Xəbərlər