Cəmiyyət 5 İyul 2022, 15:07 | Baxış sayı: 179
"Şəkər tozu qiymət artırılacaq deyə mağazalardan yığışdırılırsa, bu, qanunsuz hərəkətdir".

“Azərbaycanda qiymət artımı ilə bağlı qəribə məntiqlər irəli sürülür. Xaricdən istehsal olunan malın qiyməti nə qədər artırsa, yerli məhsulun da qiymətini o qədər artırırlar. Burda məntiq haradadır? Əgər ölkədə hər hansı yerli məhsul idxalın qarşısını almaq üçün istehsal olunursa, qiymət axı bu qədər artmamalıdır. Qiymət cüzi artar, bu da daxildə daşınmalar, enerji qiymətlərinin artmasına görə baş verə bilər. Məhsulun əsas komponentləri xaricdən gətirilirsə, burda qablaşdırılır və üstünə Azərbaycanda istehsalı olunduğu yazılırsa, bu, öz-özünü, eyni zamanda dövləti, cəmiyyəti aldatmaqdır. Ona görə də, istərdim, belə məsələlərdə şəffaflıq olsun”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Razi Nurullayev ölkədə yaranan şəkər tozu qıtlığı və bu məhsulun bahalaşacağı barədə iddialara münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycanda şəkər və şəkər tozu istehsal olunur və bu, tam yerli məhsuldur: “Bu məhsulun qiymətinin artırılması ilə bağlı məsələ də məntiqə uyğun olmalıdır. Əsaslandırılmalıdır ki, qiymət nə üçün artacaq? Doğrudan da şəkər tozu qiymət artırılacaq deyə mağazalardan yığışdırılırsa, bu, qanunsuz hərəkətdir. Birincisi, hələ qiymət artmayıb. Artmadığına görə məhsulu bəri başdan saxlayıb qıtlıq yaratmaq, sonra onu baha qiymətə satmaq birbaşa insanların cibinə girməkdir, onların sosial vəziyyətlərini daha da ağırlaşdırmaqdır. Ümid edirəm, “Azərsun” bu məsələyə aydınlıq gətirər, məlumat yayar. Şəkər tozu qıtlığının yaranma səbəbini bilərik. Əgər bahalaşmaya görə belə hal yaranıbsa, bu, qəbuledilməzdir”.

Xəbərlər