Ümumi 17 Mart 2023, 16:06 | Baxış sayı: 133
"Şəkillərdə binalar çox gözəl görünsə də, əslində keyfiyyətsizdir"

"Zamanında demək olar ki, bütün tikintilər qaydalardan kənar tikilib, hətta bir çox qanunsuz məsələlərə göz yumulub. Nəticədə xeyli problemlər yaradılıb və şəhər bərbad günə salınıb. Məhz bu səbəbdən də insanların rahatlığı yoxdur".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. 

Deputat “Kristal Abşeron” şirkətinin binalarının keyfiyyətsiz olduğunu vurğulayıb:

"Bəzi binalar insanların rahatlığı üçün lazım olan keyfiyyətlərə malik deyil. Təbii ki, iş adamı daha çox qazanmaq istəyir, buna görə onu günahlandırmaq olmaz. Çünki  iş adamının pulunu alıblar və göz yumublar ki, get, nə edirsən et, təki mənim pulumu ver. Ona görə də, bəzi binalar çox gözəl şəkildə rəngli görünsə də, çox gözəl infrastrukturla əhatə olunsa da, əslində keyfiyyətsizdir.  Yəni, şəkillərdə yaşıllıqların içərisində piyada keçidləri, velosiped dayanacaqları və zolaqları, xoşbəxt gülən qadınlar, uşaqlar, nənələr, babalarla əhatə olunub. Amma həmin binaya gedirsən və görürsən ki, bina bərbad gündədir. O şəkildəkindən əsər-əlamət yoxdur. Binanın "podyez"ləri təmirsiz, liftlər pis gündə, yaşıllıq sahələri isə məhv edilib. Əlavə olaraq da, digər rahatlıqlar da yoxdur.

2017-ci ildə cənab Prezidentin bununla bağlı fərmana çıxdı. O vaxtdan bu günə bu sahədə xeyli rahatlıqlar yaradılıb, xeyli qaydalar sərtləşdirilib. Amma bu sərtləşdirilən qaydalar da birtərəfli qaydada sərtləşdirilib ki, bu da bir çox tikinti ilə məşğul olan insanların qarşısını alıb. Hərçənd ki, bu, belə olmalı deyildi. 

Bu gün bir çox iş adamları milyonları verib, amma həmin yerdə tikinti tikə bilmir. Əgər elə haqq haqqdırsa, həmin rüşvət verdikləri onu geri qaytarsın və yaxud onun müqabilində başqa yer verilsin. Yəni qaydalar, qanunlar birtərəfli ola bilməz! Qaydalar, qanunlar ancaq ayrı-ayrı şəxslərə ayrı-ayrı və fərqli şəkildə tətbiq edilə bilməz. Əgər qanundan, hüquqdan danışırsa, qanunla hüququ pozulanın da hüququ bərpa edilməlidir. Amma bunlar edilmir. Düzdür, indi tikinti qaydaları daha sərtdir, ona daha ciddi nəzarət var və bu alqışlanır.  Amma bütün bunlarla bərabər, həm də bütün bu qaydalar və sairələr birtərəfli qaydada tətbiq olunduğundan bəzilərinə işıq yandırılır, bəzilərinə yandırılmır, seçim edilir. Burada çox ciddi problemlər mövcuddur, özü də çox ciddi problemlər. Ümumiyyətlə, bununla bağlı bir araşdırma aparıb və çox sərt mövqe nümayiş etdirəcəyəm".

Xəbərlər