"Siyasi qısqanclığın əlacı var, amma xəbislik müalicə olunmur"
Ötən dövr göstərir ki, Ermənistan və havadarları işğal illərində olduğu kimi, müharibədən sonra da ölkəmizə qarşı yalan və iftiralarla dolu olan dezinformasiya təbliğatından əl çəkməyiblər. Ermənistan hakimiyyəti 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, o cümlədən silahlı birləşmələrini Qarabağdan tam şəkildə çıxarmaq və Zəngəzur dəhlizini açmaq əvəzinə, ərazilərimizi minalarla çirkləndirmək siyasətini davam etdirir. Ermənistan Laçın yolundan yalnız humanitar məqsədlərlə istifadə etməli olduğu halda, həm bu yoldan, həm də alternativ torpaq yolundan silah-sursat daşımaq üçün istifadə edir. Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə bəyan edir ki, ölkəmizin təklif etdiyi sülh müqaviləsini imzalamağa guya hazırdır, ardınca isə ərazi bütövlüyümüzü və suverenliyimizi şübhə altına alan bəyanatlar səsləndirir. Bir tərəfdən etiraf edir ki, Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycanın həll etməli olduğu məsələdir, digər tərəfdən isə dünya birliyindən suveren ərazilərimizdə beynəlxalq təminat missiyasının yerləşdirilməsini tələb edir. Ermənistanın bu cür riyakar siyasətini ifşa edən onlarla fakt sadalamaq mümkündür. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğratdığımız Ermənistan riyakar siyasətini ona görə davam etdirə bilir ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar onu bu cür davranışa şirnikləndirməklə məşğuldur. Həmin dairələr Ermənistan rəhbərliyinin yalan və iftira dolu təbliğatına göz yumur, ölkəmizin ekoaktivistlərinin və vətəndaş cəmiyyəti üzvlərinin Laçın yolundakı dinc etiraz aksiyasını ədalətsiz olaraq blokada, az qala etnik təmizləməyə hazırlıq kimi təqdim edirlər. Hətta onu da nəzərə almırlar ki, dinc aksiyanın davam etdiyi müddət ərzində həmin ərazidən 5000-dən artıq iritonnajlı nəqliyyat vasitəsi maneəsiz olaraq hər iki istiqamətdə hərəkət edib. Tibbi müayinəyə ehtiyacı olan 150-dən çox şəxs elə bu yolla Ermənistana aparılıb. Üstəlik, son günlər ölkəmizin rəsmi qurumları tərəfindən yayılan videogörüntülər onu da sübut edir ki, ermənilər Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yollarından humanitar niyyətlə deyil, hərbi məqsədlər üçün istifadə edir. Sülhməramlılar isə təyinatından kənara çıxaraq, bu cür karvanları müşayiət etməklə məşğul olur. Alternativ kommunikasiya yollarını da gözardı edən xaricdəki məlum dairələr blokada iddiasını irəli sürməklə, əslində, bilərəkdən və ya bilməyərəkdən Ermənistan rəsmilərinin oyunbazlığına şərik çıxırlar. Növbəti fakt isə cəmiyyətimizi xüsusilə narahat edir. Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter elə bu günlərdə Almaniyanın “Deutsche Welle” qəzetinə verdiyi müsahibədə bildirib ki, guya Azərbaycan yaz aylarında Ermənistana qarşı hücuma hazırlaşır. Onun istinad etdiyi “mötəbər mənbə” isə sülh müqaviləsini hələ də imzalamaqdan yayınan Ermənistanın rəsmi qaynaqlarıdır. Aİ kimi ciddi bir qurumun səlahiyyətli nümayəndəsinin Ermənistan hakimiyyətinin yalan və böhtan dolu məlumatlarına istinad etməsi bir tərəfə, o, bununla kifayətlənməyərək daha irəli gedir və bəyan edir ki, Aİ missiyasının əsas vəzifəsi “Ermənistanı Azərbaycandan qorumaqdır”. Təbii ki, bu cür açıqlamalar, bir tərəfdən missiyanın tərəfsizliyini şübhə altına alır, digər tərəfdən isə qarşılıqlı etimada və ictimai inama ciddi xələl gətirir. Prezident İlham Əliyev elə bu səbəbdən, Laçın rayonuna xüsusi nümayəndəsinin təyinatı ilə bağlı martın 28-də keçirdiyi qəbul zamanı belə bir açıqlama verdi: “Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev səsləndirib.
Deputat bildirib: “Azərbaycan Prezidenti əldə etdiyimiz tarixi Zəfərdən dərhal sonra bəyan edib ki, indi ölkəmizin əsas vəzifəsi ermənilərin yerlə-yeksan etdiyi Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməkdən və əzəli torpaqlarımıza Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Dövlətimizin başçısı martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə də bildirdi ki, Azərbaycan birinci mərhələdə 9 şəhəri və 300-dən çox kənd və qəsəbəni sıfırdan qurur. Prezident İlham Əliyev Laçına təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir daha bəyan etdi ki, Azərbaycanın hədəfi, Ermənistandan fərqli olaraq, müharibə və təxribatlar deyil, sülhə və əmin-amanlığa xidmət edən dinc quruculuq işləridir: “Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir… Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.
Ü.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin ən müxtəlif platformalardan dəfələrlə elan etdiyi və dəyişməz qalan bu mövqeyinə baxmayaraq, ölkəmizi aqressor kimi təqdim etməyə cəhd edən ermənipərəst dairələr hələ də həqiqətləri görmək və ya onları qəbul etmək istəmir. Necə ola bilər ki, milyardlarla vəsaiti dinc quruculuq işlərinə sərf edən bir ölkə bütün bu məsrəfləri və çəkilən zəhməti təhlükə altına ataraq təcavüz yolunu seçsin? Ən əsası, necə ola bilər ki, işğaldan azad edilmiş torpaqlara artıq köçürülən və yaxın gələcəkdə köçürüləcək on minlərlə mülki insanın həyat və sağlamlığı təhlükə altına atılsın? Sağlam məntiqin və saf niyyətin ziddinə olaraq, Ermənistan rəhbərliyinə hamilik edən ermənipərəst qüvvələrin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bu həqiqətlərdən yayındırmaq və ölkəmizin hədəfləri ilə bağlı yanlış təsəvvür yaratmaqdan ibarətdir. Təəssüf ki, Ermənistanın və hamilərinin bu məkrli planında öz içimizdən olan bəzi siyasətçilər də yer alır, bilərəkdən və ya bilməyərəkdən bu cür oyunlarda ucuz alət kimi istifadə olunmaları ilə razılaşırlar. Dövlətimizin başçısı həm də bu səbəbdən yaxın tarixi keçmişimizi bir daha xatırlatmalı oldu: “Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi”.
Deputatın sözlərinə görə, Prezident bu xatırlatmanı ona görə etdi ki, məlum cütlüyün bəzi nümayəndələri keçmiş vərdişlərindən hələ də əl çəkməyib. Nə qədər ağlasığmaz görünsə də, indi onların qibləgahı “demokrat” Paşinyan, “insan haqları carçısı” Makron və sonuncunun təsir imkanlarının keçərli olduğu məlum beynəlxalq təşkilatlardır. Ermənistan rəhbərini az qala “demokratiya mücəssəməsi” kimi təqdim edən AXCP-nin başbilənləri guya unudublar ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının müəllifi elə həmin “demokrat” idi. “Yeni ərazilər uğrunda yeni müharibə” hərbi doktrinası da məhz Paşinyan hökumətinin gerçək üzüdür. İşğal siyasətini təbliğ edən və bununla da BMT-nin məlum dörd qətnaməsini, beynəlxalq hüququ heçə sayan birisinə “demokrat” deməyə cəsarət edən istənilən azərbaycanlı, əqidəsindən və peşəsindən asılı olmayaraq, vətənpərvər və həqiqi demokratiya tərəfdarı adına iddia edə bilməz. Belələri nədənsə Fransa prezidentinin müharibənin ilk günlərində verdiyi əcaib və beynəlxalq hüquqa zidd olan bu bəyanatını da çox tez unudublar: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Özlərini az qala “siyasət bilicisi” hesab edən bu şəxslərin heç o da eyninə deyil ki, erməni separatçılığına açıq-aydın dəstək verən, separatçı rejimin “müstəqilliyini” tanıyan qətnamələrin müəllifi də məhz Fransa Senatı və onun Milli Assambleyasıdır. Azərbaycanı həqiqətən sevən, onun milli maraqlarını şəxsi ambisiyalarından üstün tutan siyasətçi bu həqiqətləri görməzdən gələ, onları unuda və ya cəmiyyətimizə unutdurmaq yolunu seçə bilməz. Bu “çoxbilmişlər” onu da görmürlər ki, separatçı rejimin “müstəqilliyini” tanıyan Fransa Parlamentinin mövqeyi ilə Qarabağdakı erməni etnik azlığına Donbas və ya Kosovo modelini vəd edən Rusiya xarici işlər nazirinin mövqeyi arasında elə bir fərq yoxdur. Ukrayna məsələsində üz-üzə dayanan iki antaqonist mövqe, erməni separatçılığına gəldikdə üst-üstə düşürsə və hətta bu məqam da AXCP rəhbərliyini narahat etmirsə, deməli, onun milli maraqlarımızla bağlı yanğısı və pafoslu çıxışları yalnız görüntüdür, yalan və saxtadır. Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətli qətnamələrini durmadan təbliğ edən, eyni zamanda, “vətənpərvər siyasətçi” adına iddia edən belələri bir dirijor çubuğunun işarəsi ilə bir ağızdan car çəkirlər ki, Avropa Parlamentinin qətnamələrində ölkəmizin ərazi bütövlüyü tanındığına görə, onların obyektivliyi şübhə altına alına bilməz. Amma nədənsə unudurlar ki, elə həmin qətnamələrin qəbul olunmasında rol alan siyasi dairələrin leksikonunda müqəddəratı təyinetmə prinsipi tez-tez yada salınır. Nə dərəcədə xəyal etdiyin, uydurduğun ambisiyaların əsirinə çevrilməlisən, yaxud xarici dairələrin məkrli planında alət olmağa razılaşmalısan ki, erməni separatçılığına hansısa adla haqq qazandırmaq yolunu seçəsən. Elə bu səbəbdən, radikal müxalifətin nümayəndələri ermənipərəst dairələrlə tam ahəngdar şəkildə bəyan edirlər ki, guya Qarabağdakı ermənilər territorial-etnik separatçılıqdan imtina edib, insan haqları ilə bağlı separatçılıq yoluna keçiblər. Beynəlxalq hüquqa “yenilik” gətirən, əslində isə azərbaycanlı siyasətçisi adına rəzalət sayılmalı olan bu cəfəng iddianın müəllifi də elə həmin radikal müxalifətdir. Bilirsiniz, niyə? Çünki demokratiya və insan haqları ilə pərdələnən və əslində Azərbaycanın milli maraqlarının əleyhinə yönələn qətnamələrin qəbulunda ermənilərdən daha çox onlar canfəşanlıq ediblər. Elə buna görə də ermənipərəst dairələr və Avropa Parlamentində deyirlər ki, materialları özünüzünkülər verib, “donosu” öz müxalifətiniz ötürüb…
Millət vəkili vurğulayıb ki, elə bu cür xəbisliklərinə görə anti-Azərbaycan ruhlu qətnamələri təqdir edən radikal müxalifət ölkəmizin siyasi sistemində baş verən dəyişikliyi, sağlam dialoq mühitini və milli maraqlar naminə təklif olunan əməkdaşlığı qəbul edə bilmir. Çünki Ermənistan və onun himayədarları kimi, onlar da tarixi Zəfərin altında məhz Prezident İlham Əliyevin Müzəffər Lider imzasının dayandığını heç cür həzm edə bilmirlər. Belələri yaxşı bilirlər ki, bu imza xalqımızın yaddaşını bir daha təzələyib, kimin kim olduğunu, kimin hansı amala xidmət etdiyini və kimin nəyə qadir olduğunu ortaya qoyub.
“Yəqin ki, siyasi qısqanclığın əlacı var, amma xəbislik müalicə olunmur. Bu mərəz də artıq elə bir iyrənc həddə çatıb ki, radikal müxalifətə bağlı olan və onun təbliğat ruporu qismində çıxış edən internet resurslarında deputat Fazil Mustafaya “keçmiş olsun” deməyə belə, dilləri gəlmir. Həmin resurslarda cinayəti qınamaq əvəzinə, bu da bir oyundur deyilir. Heç şübhəsiz, xəbisləri təşviq edənin özü də yalnız xəbis ola bilər. Belələri üçün törədilən cinayətin “dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə” maddəsi ilə tövsif edilməsinə dair rəsmi açıqlama da yetərli görünmür. Radikal müxalifəti və onun təbliğat resurslarını maraqlandıran yalnız budur ki, nə olursa-olsun, təki ölkədə sabitlik pozulsun və təhlükəsizliklə bağlı ictimai etimada kölgə düşsün. Amma bilsinlər ki, bu mənfur cinayətin arxasında dayanan təşkilatçıdan tutmuş icraçıya qədər hər kəs aşkar ediləcək və layiqli cəzasına mütləq çatdırılacaq, cinayət yolu ilə ölkədə sabitliyi pozmağa cəhd edənlərin və buna sevinənlərin arzusu isə hər zaman olduğu kimi, gözündə qalacaq. Hörmətli Fazil Mustafaya bir daha keçmiş olsun deyir, tezliklə ayağa qalxmasını və deputat, ictimai-siyasi xadim kimi fəaliyyətini əvvəlki əzm və inamla davam etdirməsini arzu edirəm. Belə olacağına zərrə qədər şübhə etmirəm. Xəbis niyyətlilərin diqqətinə isə Prezident İlham Əliyevin martın 28-də söylədiyi bu fikirləri çatdırmaqla hələ də inanmaq istərdim ki, onlar, nəhayət xam xəyallarından ayılıb real həyata dönəcək, Azərbaycanın milli maraqlarının ziddinə olan fəaliyyətdən imtina edəcəklər: “Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”, – deyə deputat fikirlərini tamamlayıb.