Cəmiyyət 28 Oktyabr 2022, 15:25 | Baxış sayı: 250
““Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması zamanın çağırışıdır”

““Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ictimai sifarişdir, həm də dövlət siyasətidir. 2018-ci ildə keçirilən Prezident seçkilərindən sonra xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən dövlət başçısı vəzifəsinə seçilmiş cənab İlham Əliyev bəyan etdi ki, ölkəmizdə bundan sonra irimiqyaslı, hərtərəfli, bütün sahələrdə özünü ehtiva edən islahatlar kursu həyata keçiriləcək. Bu islahatların əsas və mühüm tərkib hissələrindən biri də siyasi islahatlar olacaq. Hesab edirəm, ölkəmizdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, geniş ictimai müzakirəyə çıxarılması məhz həmin məntiqdən qaynaqlanır. Bu layihə ölkəmizdə siyasi islahatların mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, hazırda istifadə edilən qanun layihəsi 1992-ci ildə qəbul olunub və 4 fəsil, 22 maddədən ibarətdir:

 

“Geniş ictimai müzakirəyə çıxarılan yeni qanun layihəsi isə 6 fəsil 30 maddədən ibarətdir. Göründüyü kimi, çoxsaylı əlavələr, düzəlişlər var və Azərbaycanın inkişafının yeni reallıqlarını özündə ehtiva edir. Bu məntiqlə çıxış edərək, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin sədri hörmətli Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclisin saytında yerləşdirilib. Hər bir Azərbaycan vətəndaşının bu qanunla tanış olma imkanı var. İctimai müzakirələrin keçirilməsi təklifi də parlamentdən gəlib”.

 

E.Nəsirov əlavə edib:

 

“Yeni qanun layihəsinin parlamentdə olan və parlamentdən kənar partiyaların sədrlərinin iştirakı ilə ölkə parlamentində 4 saat yarımlıq müzakirəsi keçirildi. Hər bir partiya - istər iqtidar, istər müxalif partiyaların sədrləri açıq şəkildə öz mövqelərini ifadə etmək imkanı əldə etdilər. Ümumi mövqeyə görə, belə bir qanun layihəsinin hazırlanması zamanın çağırışıdır. Azərbaycan inkişafın elə bir mərhələsindədir ki, çoxpartiyalı sistemin inkişafı, onun yeni tarixi reallıqlarımıza uyğun olması zərurətə çevrilib. Hər bir ölkənin demokratik inkişafının göstəricisi siyasi partiyaların mövcudluğu və onlar arasında siyasi dialoq mühitinin hansı səviyyədə olması ilə ölçülür”.

 

Deputat deyib ki, partiya liderləri yeni qanun layihəsi ilə bağlı xeyli təkliflər irəli sürüblər:

 

“Müxalif partiyalar öz iradlarını, tənqidlərini ortaya qoydular. Bu iradlar arasında partiyanın qeydiyyatı üçün 10 min nəfərin səs verməsi, partiyanın yaradılması üçün son 20 il ərzində daim Azərbaycan ərazisində yaşayan minimum 200 nəfər təsisçinin mövcudluğu, eyni zamanda 10 min nəfər partiya üzvünün dövlət reyestrindən keçməsi, ardıcıl olaraq iki dəfə bələdiyyə, parlament və prezident seçkilərində iştirak etməyən partiyaların fəaliyyətinin dayandırılması ilə bağlı məsələlər yer aldı. Bir həqiqət var ki, bunlar hələ ictimai müzakirələrdir. Təkcə tənqidi fikirlər deyil, həm də təkliflər səslənməli, yeni yanaşmalar ortaya qoyulmalıdır ki, “Siyasi partiyalar haqqında” qanun daha da təkmilləşsin, Azərbaycan siyasi həyatının tənzimlənməsi prosesində mövqeyi kifayət qədər güclü olsun. Məsələyə belə yanaşma olmalıdır. Bu, ilkin müzakirədir. Ardınca yeni müzakirələr də olacaq. Danılmaz həqiqətdir ki, Azərbaycan dövləti, iqtidarı, ali siyasi rəhbərliyi siyasi partiyalar arasındakı muhitin inkişafında, Azərbaycan hakimiyyəti müxalifətin konstruktiv mövqe ortaya qoymasında, konstruktiv davranışında maraqlıdır. Tənqid etsinlər, həm də çıxış yollarını göstərsinlər. Ümummilli məsələlərdə ortaq mövqedən çıxış etmək birmənalı onların fəaliyyətinin məhək daşı olmalıdır. İnanırıq ki, növbəti müzakirələr də konkret predmet üzrə aparılacaq və bütün bunlar “Siyasi partiyalar haqqında” qanunun daha da təkmilləşməsi mənafeyinə xidmət edəcək”.

Xəbərlər