İqtisadiyyat 26 May 2023, 16:22 | Baxış sayı: 222
“Sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflər müəyyənləşdirilməlidir...”

Daşınmaz əmlakın icbari sığortası barədə narazılıqlar yaranıb. Bəzi ekspertlər bunun hüquqa zidd olduğunu, əmlakını sığortalamayan vətəndaşlara cərimə tətbiq edilməsini absurd sayırlar. Müzakirələr zamanı bildirilir ki, hər bir vətəndaş özü, könüllü olaraq əmlakını sığortalamalıdır, məcburiyyət ola bilməz.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, əmlakın icbari sığortası əksər ölkələrdə tətbiq edilən bir mexanizmdir.

 

“Burada məqsəd vətəndaşın əmlakına hər hansı ziyan dəydiyi zaman dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsidir. Əslində mexanizmin ləğv edilməsindən yox, təkmilləşdirilməsindən söhbət getməlidir. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Yanğın olmur və s. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Daha məqsədəuyğun olardı ki, sığorta sistemi məhz bu halları nəzərə alsın. Bizdə əmlakın sığortalanmasında fiks vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”, - deputat bildirib.

Xəbərlər