Siyasət 2 Fevral 2023, 18:30 | Baxış sayı: 254
"Səfirlikdə törədilən terror aktında qaranlıq məqamlar var"

“Bu günə kimi bu məsələnin araşdırılması istiqamətində ciddi irəliləyişin olmaması, İranın bu terror aktını ört-basdır etmək fikrinin olduğu qənaətinə gəlmək olar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ülviyyə Həmzəyeva Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücuma münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detalları açıqlayıb.

“Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvününün ölkəmizə səfərinin də ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq və qardaşlıq münasibətlərinə töhvə verəcəyini əminliklə demək olar. Nümayəndə heyətini qəbul edən Prezident Cənab İlham Əliyev Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, Mahmut Özerin və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünün ölkəmizə səfərinin önəminə toxundu və bu səfərin əlaqələrimizin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Təhsil sahəsində əməkdaşlıqda böyük nailiyyətlərin əldə olunduğunu bildirən Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının razılaşdırdığı kimi Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasının böyük önəm daşıdığını dedi.

Səfər çərçivəsində bir çox sahələr üzrə ölkələrimizin qarşılıqlı fəaliyyətinin nəticələri və gələcək planlar barədə müzakirələr aparıldı. Son günlərdə Azərbaycanı və bütün sivil dünya ölkələrini narahat edən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı müzakirələrin əsas mövzularından biri olmuşdur.

Düşünürəm ki, Azərbaycanın üzləşdiyi terror hadisəsinə Türkiyə hökuməti və dövlətinin ən yüksək səviyyədə reaksiya verməsi, dünyada ölkəmizin düşmənlərinə qarşı əsl psixoloji zərbə olmuşdur. Belə həmrəylik nümayişi bütün dünyaya Azərbaycan və Türkiyə ilə güc dili ilə danışmağın nəticələrinin ağır olacağı mesajını verməkdədir.

Görüşdə bir daha qardaş ölkə nümayəndələri Tehrandakı səfirliyimizə edilən xain hücum nəticəsində həlak olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib. Öz növbəsində Prezident İlham Əliyev bu terror aktının hətərəfli araşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirmişdir.

Açıq aşkar təşkil olunmuş bu terror aktı zamanı səfirliyi mühafizə etməli olan polisin davranışı və hadisədən sonra polisin səfirliyimizə çox gec gəlməsi bir çox qaranlıq məqamdan xəbər verir. Bu günə kimi də bu məsələnin araşdırılmasında ciddi irəliləyişin olmaması, İranın bu terror aktını ört-basdır etmək fikrinin olduğu qənaətinə gəlmək olar”.

Deputat bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluq, etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulmuş və daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox sarsılmaz bağlara malik olması ölkələrimizi həmişə doğmalaşdırıb. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün ölkə başçısı Cənab İlham Əliyev tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq iki qardaş ölkə bütün iqtisadi və siyasi platformalarda vahid mövqedən çıxış edir, sevincli, kədərli günlərində biri-birinin yanındadırlar.

Bildiyiniz kimi Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuşdur. Dövlət müstəqilliyimizi əldə etməyimiz, Türkiyə ilə münasibətlərimizin inkişafı üçün daha geniş siyasi, iqtisadi, və hüquqi imkanların yaranmasına şərait yaratdı.

Bütün bu dövr ərzində hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektivli əməkdaşlığın inkişafı, regional və qlobal məsələlərin həllində birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Azərbaycanın xalqının mənafeyini və milli maraqlarımızı qoruyan daxili və xarici siyasəti xalqımız təfəindən tam dəstəklən Ali Baş Komandan Prezident İlham Əliyevin xalqımızın bütün taleyüklü problemlərinin həllində uğur əldə etdiyi kimi, bu məsələnin də milli maraqlarımıza cavab verəcək şəkildə həll edəcəyinə inanırıq. Yaşasın Azərbaycan!”