"Seçkilərlə bağlı hər hansı qərar veriləcəksə, hamı bunu görəcək və seçkiyə hazırlaşacacaq".
“Referendumun və seçkilərin keçirilməsi ilə bağlı proqnoz verməyi sevmirəm. Bunu, sadəcə, ehtimal etmək olar. Ümumiyyətlə, siyasətçilərin işi proqnoz vermək, tapmaca tapmaq deyil. Bununla bağlı iddia ortaya qoymaqla deyil. Axı bu nəyi dəyişə bilər?”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat bildirib ki, seçkilərlə bağlı hər hansı qərar veriləcəksə, hamı bunu görəcək və seçkiyə hazırlaşacacaq: “Müzakirələr Azərbaycanda icra hakimiyyəti sisteminin təkmilləşdirilməsi ilə bağlı ola bilər. Bu məsələlər isə cənab Prezident İlham Əliyev icra hakimiyyətləri ilə bağlı fikir səsləndirəndən sonra daha geniş müzakirə olunmağa başladı. Hər halda hakimiyyət partiyası qərar verəcəksə, üzərimizə düşən məsələləri həll edəcəyik. Seçkilərin keçirilib-keçirilməməsini müzakirə etmək olar, amma bu məsələnin deyildiyi tərzdə olacağını hesab etmirəm. Çünki 2020-ci ilin parlament seçkilərindən sonra referendumun keçiriləcəyini, üç aydan sonra isə parlamentin buraxılacağını eşidirəm. 2021-ci ildə, ümumiyyətlə, parlamenti qovub çıxaracaqdılar, yeni seçkilər olacaqdı. Daha sonra referendumun keçiriləcəyi və Azərbaycanda dövlət quruluşunun dəyişəcəyini dedilər. Yəni ildən-ilə belə fikirlər deyilir. Təbii ki, bir gün bunlar doğru olacaq. Amma bu o demək deyil ki, kimsə bununla düzgün proqnoz verdi deyə, bu, oldu. Siyasətçilər daha çox real ola biləcək məsələlərdən danışsalar, daha məqbul olar. Əlbəttə, heç kimə qadağa qoymaq olmaz. Kim müəyyən fikir səsləndirir, proqnoz deyirsə qoy, desin. Nə olursa-olsun, təki bu, Azərbaycanın və Azərbaycan xalqının xeyrinə olsun. Biz də bunu alqışlayırıq”.