İqtisadiyyat 13 Fevral 2023, 15:40 | Baxış sayı: 182
"Əsas məqsəd pensiyaçıların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasıdır"

Azərbaycanda sosial təminat sistemimizin daha da gücləndirilməsi, pensiyaçılarımızın sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin davam etdirilməsi 2023-cü ildə də prioritet olaraq qalmaqdadır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Prezident tərəfindən bu ilin ilk həftəsində sosial paketlərin dərinləşdirilməsi ilə bağlı yeni sərəncamlar imzalanıb, minimum əməkhaqqı, minimum pensiya və digər istiqamətlərdə artım qeydə alınıb: “Bütün bunlar Azərbaycan üçün sosial müdafiə sisteminin daha da təkmilləşməsi və bütövlükdə büdcədən sosial istiqamətlərə ayrılan vəsaitlərin artırılmasının 2023-cü ildə də əsas hədəflər sırasında olduğunu göstərir. Bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial istiqamətlərə 15,2 milyard manat vəsait ayrılacaq. Bu, büdcə xərclərinin təxminən 46 faizinə bərabərdir. Bu, həm də o deməkdir ki, bu il büdcədən ayrılan hər 2 manatın təxminən 1 manatı sosial istiqamətə yönəldiləcək. Təbii ki, sosial paketdə pensiyaçıların sosial təminatının daha da gücləndirilməsi əsas istiqamətlərdən biri, pensiyaçıların sosial vəziyyətinin daha da yaxşılaşdırılması əsas məqsəddir. Digər tərəfdən, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklər, vahid indeksasiya mexanizminin tətbiq edilməsi daha çox vətəndaşımızın pensiya məbləğlərinin artımlarından istifadə etməsinə imkan yaradacaq. Çünki nəticə etibarilə sosial indeksasiya əsasında artımlar bütün növ pensiyalara şamil edilir. Həmçinin minimum pensiyada son illərdə 2,5 dəfə artımın qeydə alınması və mütəmadi artımlar nəticəsində Azərbaycan minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış beynəlxalq dollar ifadəsinə görə MDB ölkələri üzrə sıralamada ilk yerini qoruyub saxlaya bilib. Əsas səbəb davamlı artımların həyata keçirilməsidir və növbəti illərdə də bu artımlar davam edəcək".

Xəbərlər