"Sakinlərin tələbi haqlıdır"
"Əhali ilə polis arasında bu cür münasibət yolverilməzdir". Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Vahid Əhmədov Gədəbəy rayonu, Söyüdlü kəndində sakinlərlə polis arasında insident haqda danışarkən deyib.
Kənd əhalisinin qızıl emalı zamanı ətraf mühitin çirklənməsi barədə narazılıqlarına toxunan millət vəkili qeyd edib ki, zərərli maddələrin saxlanılması üçün xüsusi tələblərə riayət olunmalıdır:
“Polislə əhali arasında olan xoşagəlməz görüntülər hamımızı məyus etdi. Bu cür toqquşmalara yol vermək olmaz. Bunu dinc yolla həll etmək olardı. Burda polisin üzərinə böyük məsuliyyət düşürdü. Polis öz səlahiyyətlərini qanun çərçivəsində yerinə yetirməlidir. Azərbaycan xanımına qarşı bu cür rəftar etmək olmaz. Daxili İşlər Nazirliyi bu işi araşdırıb, məsələyə hüquqi qiymət verməlidir. Vətəndaşların tələbi odur ki, bu zərərli maddələr gölə atılmasın. Əhali başqa bir şey tələb etmir. Kim olsa, bunu istəyər. O zəhərli maddələr sabahısı günü əhali üçün çox ciddi problemlər yarada bilər".
V.Əhmədov qeyd edib ki, zəhərli maddələrin saxlanılması üçün xüsusi tələblər var:
"Həmin tullantıları dərinliyi hardasa 100 metr olan bir yerə basdırmaq lazımdır".
Millət vəkili qeyd edib ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır:
“Ekologiya Nazirliyi bununla bağlı araşdırma aparmalıdır ki, niyə bu cür problem baş verib? Gədəbəy Rayon İcra Hakimiyyəti bu məsələni elə həll etməli idi ki, bu cür insident yaranmasın. Digər tərəfdən, yayılan videolarda icra başçısının xanımla dialoqu düzgün deyildi. Deyir ki, əgər burda zəhərli qaz olsaydı, 78 yaş yaşamazdın. Bu, ümumiyyətlə, gülməli bir frazadır. Bu cür sözləri deyəndə bir balaca fikirləşmək lazımdır. Dağ adamları uzunömürlü olurlar. Xanıma da Allah uzun ömür versin. Burda ekologiyadan söhbət gedir. İnanmıram ki, başqa bir məsələ olsun”.
Vahid Əhmədov həmçinin, Ermənistanın Naxçıvanla sərhəddə -Arazdəyən kəndində iri metallurgiya zavodu inşa etməsinə də münasibət bildirib:
"Ermənilərin sərhəddə metallurgiya zavodu açması çox ciddi bir problemdir. Mən bu haqda öz mövqeyimi bildirmişəm. Deyirlər, guya zavodu Amerika şirkəti açıb. Ordan Amerika bayrağı asıblar. Kimin açmağından asılı olmayaraq, bu, yolverilməzdir. Metallurgiya kombinatının açılması ilə çaylara kifayət qədər zərərli maddələr atılacaq. Bu da bölgə üçün ekoloji cəhətdən böyük problemə çevrilə bilər. Əlbəttə, bunun qarşısını almaq lazımdır. Xarici İşlər Nazirliyi və Ekologiya Nazirliyi bu haqda hökumət səviyyəsində öz etirazını bildirməlidir. Artıq qeyri-hökumət təşkilatları bu məsələ ilə bağlı mövqelərini bildiriblər”.