Ümumi, Cəmiyyət 6 İyul 2021, 16:34 | Baxış sayı: 382
"Sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir".

"Karantin qaydaları yumşaldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir. Monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektlərinin qiymətləri pandemiyadan əvvəlki dövrə nisbətən xeyli yüksəldiblər".

Bu barədə millət vəkili Vüqar Bayramov danışıb. O bildirib ki, bu, məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır:

“Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa bir sıra sahibkarların pandemiyadan sonra “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizini daxili turizm hesabına formalaşdırır. Amma bizdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır. Bir tərəfdən, sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədə uyğun olar. Eyni zamanda, qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilər”.

V.Bayramov qeyd edib ki,  bütün bunların fonunda sahibkarların süni şəkildə tələbin artmasını nəzərə alaraq qiymətləri yüksəltməmələri də vacibdir:

“Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir".

Turizmin spesfik sahədə olduğunu qeyd edərək, burada qiymətlərin əlçatan olması vacibliyini vurğulayıb: "Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər”.

Xəbərlər