Siyasət 20 Aprel 2023, 15:51 | Baxış sayı: 208
"Rza Pəhləvinin Azərbaycana dəvət edilməsi, İrana göz dağı verilməsi kimi təkliflərə isti yanaşmıram"

“Rza Pəhləvinin Azərbaycana dəvət edilməsi, İrana göz dağı verilməsi kimi təkliflərə isti yanaşmıram. Amma Rza Pəhləvi Azərbaycana gəlmək istəyirsə, öz yolu ilə gəlib-gedirsə, biz buna maneəçilik törədə bilmərik, törətməməliyik də. Rza Pəhləvini dövlət səviyyəsində qəbul etmək, onu təşkilatlandırmaq və s. kimi məsələləri, təbii ki, etməli deyilik. İran sonunda anlamalıdır ki, Azərbaycanla hərb, güc, zor dilində danışırsa, Azərbaycan da onun bu hərəkətlərini neytrallaşdırmaq üçün özünə dostlar, müttəfiqlər axtaracaq, bundan ötrü öz hüquqi addımlarını atacaq. Belə də olmalıdır. Biz İranın acığına, İranı qıcıqlandırmaq, ona pislik etmək, narazı salacaq addımlar atmaq kimi düşüncələrdən uzaq bir ölkəyik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, İranın Azərbaycana qarşı atdığı addımları neytrallaşdırmaq üçün müəyyən işlər görülür: “İranı qəzəbləndirmək, qıcıqlandırmaq üçün Azərbaycan dövləti və dövlətçiliyi heç bir addım atmır, atmaq fikrində də deyil. Əslində İranla dinc qonşuluğun tərəfdarıyıq. İstəyirik ki, münaibətlərimiz düzəlsin, İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etsin, Azərbaycan xalqının hislərini başa düşüb hörmət qoysun, Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəksin. Biz bunu istəyirik. Azərbaycan İrana qarşı düşmənçilik siyasəti aparmaq, onunla düşmən olmaq istəmir. Gərək, İran da bunu başa düşsün və analoji addımlar atsın. İranla münasibətlərin normallaşmasından yanayıq. Yox, İran özü bizə düşmənçilik edəcəksə, bizə də qarşısını almaq üçün bütün lazımi addımları atmaq məcburiyyətində qalırıq və bunu edəcəyik”.

Xəbərlər