Siyasət 13 Sentyabr 2023, 14:57 | Baxış sayı: 182
“Rus bölmələrində Azərbaycan dilinə etinasız yanaşılır, üçüncü dərəcəli fənn hesab edirlər”

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, Azərbaycan dilini bilməmək ayıbdır, dilə hörmətsizlikdir. 

O əlavə edib ki, orta məktəbi bitirən biri Azərbaycan dilində danışmırsa, bu, laqeydlikdən və ya dilə hörmətsizlikdən irəli gələ bilər: “Başqa cür necə insan 17 yaşına çatar və bu dili danışmaya bilər?” 

Nazirin fikirlərinə münasibət bildirən deputat Sabir Rüstəmxanlı açıqlamasında qeyd edib ki, azərbaycanlı və ya Azərbaycanda yaşayan qeyri-millətin nümayəndəsi dövlət dilinə hörmət etməlidir:



“Fərqi yoxdur, məktəbdə Azərbaycan bölməsində oxuyur ya rus bölməsində - bütün məktəblərdə Azərbaycan dili fənni keçilir. Bu məsələdə ailələr də günahkardır. Görünür, rus bölmələrində Azərbaycan dilinə etinasız yanaşılır. İkinci, üçüncü dərəcəli fənn hesab edirlər. Bilik səviyyəsi aşağı olan müəllimlər günlərini keçirir ki, “nəyimizə lazım, Azərbaycan bölməsi deyil, rus bölməsidir”... 

Rus bölmələrində tək Azərbbaycan dilinə deyil, tarixinə, coğrafiyasına, mədəniyyətinə, ədəbiyyatına da qarşı şagirdlərə hörmət, sevgi aşılaya bilmirlər. Bunlar öyrədilərsə, uşaqda sevgi yaranar. Məktəbi bitirir, ömürboyu Azərbaycanda yaşayır amma öz dilində normal danışa bilmir. Heç danışmaq da istəmir, buna ehtiyac duymur. Bir halda ki, şəhərə çıxanda bu dili bilməsə də normal yaşayır. Halbuki dünyanın heç bir ölkəsində belə vəziyyət yoxdur, vətəndaş dövlətinin dilini bilmədən arxayın yaşaya bilməz”.

demokrat.az

Xəbərlər