Siyasət 1 Sentyabr 2023, 17:24 | Baxış sayı: 149
"Rəsmi İrəvan tez bir zamanda yalan təbliğatlardan əl çəkməlidir"

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi zamanı 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Bu Şanlı Qələbəmizdən sonra əhəmiyyətli tarixi hadisələrdən biri də 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bununla da sərhədlərimizin bütövlüyü təmin olundu.

Bu sözləri  Milli Məclisin üzvü Emin Hacıyev bildirib.

Milli Məclisin deputatı E.Hacıyevin fikirincə, məğlubiyyətlə barışa bilməyən Ermənistan tərəfinin və onun himayədarlarının ucuz və əsassız təbliğata əl ataraq ölkəmizi guya sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirməyə çalışması heç bir nəticə vermədi və verməyəcək.

"Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq atılmış qanuni bir addımdır. Öz sərhədlərimiz daxilində istənilən tədbirləri həyata keçirmək bizim daxili işimizdir və burada kənar müdaxilələrdən söhbət gedə bilməz".

Millət vəkili vurğulayıb ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ərazimizdən təbii sərvətlərin qanunsuz çıxarılmasının və silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alaraq Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.

"“Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları öz vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirərək vətəndaşların və avtomobillərin təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edirlər. Bu isə bir daha göstərir ki, burada məqsəd erməni tərəfinin əsassız iddialarına baxmayaraq təhlükəsiz hərəkəti təmin etmək və ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır".

Parlamentin üzvü onu da əlavə edib ki, rəsmi İrəvan ən tez bir zamanda bu yalan təbliğatlardan əl çəkməli və bölgədəki yeni reallıqla barışmalıdır.

"Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq müstəqil daxili və xarici siyasət yürüdür. Prezident cənab İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu hadisəni xüsusi qeyd edərək demişdir:  “Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”",-deyə o qeyd edib.

Xeberoxu.Az

Xəbərlər