Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 18:24 | Baxış sayı: 195
"Rəhbər gözdən salınanda, xalq küçələrə axışır".

“Heç zaman deməmişəm ki, hamı rüşvətxor, hamı ucdantutma dövləti, büdcəni talayır. Amma, həm də demirəm ki, hər kəs doğru-dürüst işləyir. Xeyli problem, işinin öhdəsindən gəlməyənlər var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, ucdantutma hər kəsi hədəfə almaq yolverilməzdir: “Məqsəd isə birdir. Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı hədəf almaq, hörmətdən, gözdən salmaq. Bu isə dünyada işlənmiş metodologiyadır. Rəhbər gözdən salınanda, xalq küçələrə axışır. İstək isə budur. Xalq küçələrə axışsın, yıxıb-töksün və “rəngli inqilab” baş versin. Mən Milli Cəbhə Partiyasının sədriyəm, bu hökumətə, bu iqtidara az qala radikal müxalifətdəyəm. Amma Azərbaycan adlı dövlətimizə, azərbaycanlılara müxalifətçilik edə bilmərəm. Hazırda Prezidentə qarşı aparılan iyrənc kampaniyanı ölkəmiz və gələcəyimiz üçün ziyanlı hesab edirəm. Biz hələ Qarabağ yarasını tam həll edə bilməmişik, Xankəndidə erməni birləşmələri var, Ermənistanla sərhədlərimiz müəyyən edilməyib, Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmayıb, Naxçıvana quru sərhədi əldə edə bilməmişik”.

Deputat qeyd edib ki, bu gün bizi rahatladan Şuşa Bəyannaməsinin imzalanmasına indiki Prezident nail olub: “İndiki Prezident də başlanan işləri daha rahat sona çatdırmaq imkanındadır, Qarabağa Böyük Qayıdış həyata keçirilmədən Zəfərimiz tam deyil. İndiki halda bunu həyata keçirə bilən və dünya güclərinin qarşısında dözümlə dayana bilən odur. Haqqı niyə deməyək ki?! Siyasi mübarizəmizi Konstitusiya çərçivəsində aparaq, məqsədlərimizə seçki yolu ilə nail olaq. Ölkəni 90-cı illərə sürükləməyək, qanlı inqilablarla ölkədə dəyişikliyə çalışmayaq. Bu, ölkəni məhv etmək, əzmək və nail olduqlarımızın üzərindən birdəfəlik xətt çəkməkdir”.

Deputat Milli Məclisin bu məsələlərə aid xüsusi iclasının keçirilməsini təklif edib.

Xəbərlər