Cəmiyyət, Siyasət 16 İyun 2021, 15:54 | Baxış sayı: 586
Rəcəb Tayyib Ərdoğan: "Qarabağ zəfərinin nəticələri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, savaş deyil, barış zəfəridir”.

“Bu gün bəxtiyaram. Çünki Qarabağı azad etmiş can Azərbaycanın Milli Məclisində sizlərlə bərabərəm”.

Bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“30 ildir, mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən qaçqın oldular. 30 il sonra bu torpaqlar təkrar öz sahiblərinə qovuşdu. Qarabağda münaqişənin davam etməsinə səy göstərənlər isə həmişə bu münaqişədən qazanan tərəfdə olub. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran Ali baş Komandan, hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm”.

Türkiyə lideri milli birlik ruhunu ən yüksəyə daşıyan Azərbaycan xalqını təbrik etdiyini vurğulayıb: “Əlbəttə qəhrəmanca, gözünü qırpmadan mübarizə aparan Azərbaycan əsgərini təbrik edirəm. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm”.

Ərdoğan: "Qarabağın azad edilməsi Azərbaycanın 30 illik müstəqillik tarixinin ən önəmli hadisəsidir. Qafqazda qanayan yara sağalıb. Bundan bütün bölgə ölkələri qazanclı çıxacaq”.

O xatırladıb ki, Əhməd Cavad azərbaycanlı gənclərlə Osmanlı ordusunda savaşıbsa, necə ki, Çanaqqalada azərbaycanlı qardaşlarımız da şəhadətə yüksəlibsə, Nuru Paşanın aslanları Azərbaycanın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq: “Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimizdir. Dəyərli qardaşlarımız Nuru Paşanın Qafqaza gəldiyi dönəmdə ermənilər 12 mindən çox türkü qətl ediblər. Qafqazda tarixin qara səhifələrinə yazılacaq qiyam baş verib. Türk millətinə dil uzadanlar öncə Azərbaycana baxmalıdır. Həm də 100 il əvvələ deyil, 30 il bundan əvvəl Xocalıda, Qarabağda baş verənlərə baxmalıdır. Amma bunların gözləri var, görməz, qulaqları eşitməz. Qəlbləri onsuz da pas tutub. İndi gəlsinlər, Füzulini görsünlər. Buraların sağı-solu necə yandırılıb, dağıdılıb, görsünlər. Dünən yol boyu buraların vəziyyətini gördük”.

Azərbaycanlılar 30 il əvvəl yurdlarını tərk etmək məcburiyyətində qalanda evlərini yıxmayıb, dağıtmayıblar: “Çünki öz evlərini yıxa bilməzdilər. Azərbaycanlılar indi onların dağıtdıqlarını bərpa edəcəklər. Bərabər yeni bir Qarabağ quracağıq, bərpa edəcəyik. Qarabağ dünyanın ən gözəl bölgələrindən, mədəniyyətinə görə də dünyanın ən gözəl yerlərindən biridir. İnşallah yenə elə olacaq. Türkiyə olaraq bu dönəmdə də Azərbaycanın yanında yer almağa davam edəcəyik”.

"Şuşanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Şuşada keçirilən “Xarıbülbül” festivalı dünyaya bununla bağlı verilən mesajdır. Vaqif şer festivalının da keçirilməsi üçün hazırlıqlar getməkdədir. Şuşanı gələcək il Türk dünyasının mədəniyyət paytaxtı olaraq görməkdən qürur duyacağıq. Türk dünyasının dörd bir yanından gələcək mədəniyyət və sənət xadimləri bu gözəl şəhərdə görüşəcək”.

“İnşallah bir sonrakı gəlişimizdə bu torpaqların insanlarının öz evlərinə yerləşməsinin sevincini yaşayacağıq. Bir an öncə evlərinizi tikilir, tikiləcək. Sizin bu evlərə yerləşməyinizi gözləyirik. Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur”.

Ərdoğan qeyd edib ki, Zəngərzur dəhlizinin bölgəyə gətirəcəyi faydalar həddindən çoxdur: “Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.

Türkiyə Prezidenti bildirib ki, qədimdən gələcəyə quracağımız körpü ilə mədəniyyətimizi yenidən yüksəltmək öz əlimizdədir: “Qardaşlığımızı nə qədər möhkəm eləsək, bir-birimizi nə qədər möhkəm tutsaq, bu hədəfə o qədər tez çatacağıq. Qarabağ zəfərinin nəticələri zaman keçdikcə daha yaxşı anlaşılacaq. Çünki bu, savaş deyil, barış zəfəridir”.

“Qardaşımla təklifimizi etmişik. Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasını istəyirik”. Ərdoğan  belə bir platformanın yaradılmasında məqsədin bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaq olduğunu bildirib: “Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü Baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin, bu addımı ataq. Dedim ki, bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Eyni şəkildə sizin də Rusiya ilə problemlərinizi həll etməyiniz üçün bu platforma yardımçı olacaq. Dedi, çalışaq, yaxşı olar, dedim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır”.

Türkiyə prezidenti son olaraq deyib ki, “Qafqazın boynuna bir daha kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “Dünya beşdən böyükdür” deyərək, qlobal səviyyədə də aparırıq. Mən bura NATO zirvəsindən gəldim. Bunları NATO zirvəsində də danışdıq, dəyərləndirdik. Bura müsbət düşüncələrlə dəldik. Amma dünyanın problemləri bitmir. Dünyada həll ediləcək çoxlu problem var. Amma dik dursaq, sağlam dursaq, bir olsaq, bərabər olsaq, Allahın izni ilə bunları həll edərik. İnşallah mədəniyyət günəşimizi yenidən ən yüksəyə qaldıraraq, bölgədə və dünyada sülh və ədalətin hakim olacağı günlər yaxındadır”.

Xəbərlər