Siyasət 16 Avqust 2023, 15:12 | Baxış sayı: 226
“Ərazi bütövlüyümüzü tanıyan ölkələrin separatizmə dəstəyi suverenliyimizə qarşı yönəlib”

“Uzun müddət separatizmdən əziyyət çəkən, bunun fəsadlarını yaşayan İspaniyanın xarici ölkədəki bir qurumunun separatizmə dəstək niyyətli bəyanatlar verməsi, addımlar atması anlaşılan deyil. Üstəlik, İspaniyanın Rusiyadakı səfirliyi Xarici İşlər Nazirliyinin bir qurumu kimi ölkəni təmsil edir, separatçılara yardım göstərir. Bu məntiqdən uzaqdır”.

Bu fikirləri Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov deyib. Deputat bildirib ki, İspaniya və Azərbaycanın üzləşdiyi separatçı problem oxşardır:

“Azərbaycan 30 ilə yaxındır bu cür problemlər yaşayır, öz ərazilərində fəaliyyət göstərən terrorçularla mübarizə aparır, torpaqlarını işğaldan azad etməyə çalışır. Bu mənada İspaniyanı yaxşı başa düşür və beynəlxalq dəstək göstərirdik. Azərbaycan hər zaman İspaniyanın ərazi bütövlüyünü dəstəkləyib. Bütün bunlara rəğmən, İspaniya dövlətinin belə münasibəti birmənalı qarşılanmamalıdır.

Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dəstəkləyən ölkələrin belə addımları və cəhdləri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş mövqedir. Düşünürəm ki, İspaniyanın bu addımı da kəskin şəkildə pislənməlidir və rəsmi Madriddən məsələ ilə əlaqədar izah istənilməlidir. O cümlədən də İspaniyanın müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması yerində və məntiqlidir.

Onu da nəzərə almalıyıq ki, erməni lobbisinin burada müəyyən rolu mövcuddur. Çünki indi Rusiyada erməni lobbisi güclüdür və düşünürəm ki, bu məsələ ilə əlaqədar da müəyyən təzyiqlər olub. Çünki mən inanmıram, separatçılıqdan əziyyət çəkən dövlətin səfirliyi öz siyasətinə, mövqeyinə tamam əks istiqamətdə bəyanatlar versin. Güman edirəm, yaxın zamanda İspaniya tərəfdən müəyyən təkzib olacaq. Təbii olaraq, Azərbaycanın dövlət qurumları da bu məsələni diqqət mərkəzində saxlamalıdırlar”.

Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlayıb. Bu barədə İspaniya səfirliyi öz “X” sosial şəbəkə hesabında paylaşım edib. Bu zaman Qarabağ separatçılarının qondarma “bayrağından” da istifadə edilib.

Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən sonra səfirlik həmin paylaşımı silib.

oxu.az

Xəbərlər