İqtisadiyyat 13 Noyabr 2023, 13:27 | Baxış sayı: 124
”Quru sərhədlərin bağlı qalması həm vətəndaşlarımıza, həm də bir çox sahələrə mənfi təsir göstərir”

Quru sərhədlərin bağlı qalması həm vətəndaşlarımıza, həm də bir çox sahələrə mənfi təsir göstərir”.

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, hər kəs bu qərarda dəyişiklik olmasını istəyir:

“Quru sərhədlərinin hələ də bağlı qalması vətəndaşlarla bərabər təbii ki, bizi də çox narahat edir. Yüzlərlə insan quru sərhədlərinin açılması yönündə tədbirlər görülməsini tələb edir. Bu da başa düşülən bir məqamdır. Artıq 3 ilə yaxındır ki, quru sərhədləri bağlıdır. Bu müddətdə insanlar həm iqtisadi, həm də sosial cəhətdən müəyyən çətinliklərlə üzləşir. Hazırda müxtəlif qonşu ölkələrdə olan vətəndaşlarımız var ki, ölkəyə gələ bilmirlər. Xaricdə təhsil alan tələbələrimiz əziyyət çəkir. Bir çox şəxslər quru sərhədləri vasitəsilə qonşu ölkələrə müalicə məqsədilə səfərlər edirdilər. Hazırkı vəziyyət ucbatından bu imkandan məhrum olublar”.

Deputat qeyd edib ki, quru sərhədlərinin bağlı qalması turizminə ciddi zərər verir:

“Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa edib. Artıq ölkəmizə qarşı müəyyən təhlükələr aradan qaldırılıb. Bu baxımdan əminəm ki, gələn ildən quru sərhədlərinin bağlı qalması ilə əlaqədar olaraq Nazirlər Kabinetinin mövcud qərarı uzadılmayacaq. 

Birmənalı olaraq, bütün vətəndaşların istəyi məhz bundan ibarətdir. Hər kəs artıq əvvəlki həyatına qayıtmaq istəyir. Çünki bu məsələnin öz həllini tapması yenidən yüz minlərlə ailənin kiçik ticarətlə məşğul olmaqla öz ailəsininin maddi ehtiyacını ödəməsinə şərait yaradacaq”. 

Razi Nurullayev bildirir ki, dekabr ayında quru sərhədlərlə bağlı qərarda yenilik gözləniləndir:

“Quru sərhədlərinin bağlı olması qonşu ölkələrdən gələn turistlərin də sayının azalmasına təsir edib. Təbii ki, bu da müxtəlif xidmət sahələrində mövcud olan iş yerlərinin azalmasına səbəb olub. Bu da öz növbəsində turizm sektoruna bir çox zərər verir. 

Sadalanan səbəblərə görə düşünürəm ki, bu qərar uzadılmayacaq. Hətta bunun üçün nəinki yanvar ayını gözləmək lazımdır, hətta dekabrın əvvəllərindən bu cəhətdən dəyişiklik etmək yaxşı olar. Belə olduqda vətəndaşlarımız da rahat nəfəs alıb, öz kasıb həyatlarını yaşaya bilərdilər”.

yenisabah.az

Xəbərlər