İqtisadiyyat 20 İyun 2023, 16:56 | Baxış sayı: 144
"Quru sərhədlər mərhələli açıla bilər"

Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1,5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65,7%-i qonşu ölkələrin vətəndaşlarıdır. Belə ki, turistlərin 32,4%-i Rusiya, 20%-i Türkiyə, 8,1%-i İran, 5,2%-i Gürcüstandan ölkəmizə səfər ediblər. 

Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2 dəfə, Rusiya Federasiyasından - 2 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8%, Pakistandan - 43%, Gürcüstandan - 41,7%, Türkiyədən - 22,5%, Omandan - 17,4%, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7% artıb.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir:

"Diqqəti çəkən məqam turistlərin 31,9%-nin dəmir yolu və avtomobil, 66,6%-nin hava, 1,5%-nin isə dəniz nəqliyyatından istifadə etməsidir. Bu o deməkdir ki, ölkəmizə gələn hər üç turistdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı". 

"Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu, ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadəsi baxımından da əhəmiyyətlidir", - deyə millət vəkili əlavə edib.

Mənbə: ölke.az

Xəbərlər