"Qərb daha qısa müddətdə Rusiya neftindən imtina niyyətindədir".
“Bu gün gözlər Brüsseldə olacaq. ABŞ Prezidenti Co Bayden artıq dünəndən Avropanın siyası paytaxtına gəlib. Bu gün NATO sammitində iştirak edəcək Prezident Bayden G7 liderləri ilə görüşəcək və Avropa İttifaqının 27 liderinə müraciət ünvanlayacaq. Bu dəfə NATO sammiti yalnız iqtisadi və təhlükəsizlik deyil, həmçinin iqtisadi baxımdan da dünyanın diqqət mərkəzindədir. Gözlənilir ki, bu gün Brüsseldə Birləşmiş Ştatlar Rusiyaya qarşı 5-ci sanksiyalar paketini elan edəcək. Bu paket Rusiya və eləcə də dünya iqtisadiyyatı üçün daha təsirli ola bilər. Belə ki, Qərb daha qısa müddətdə Rusiya neftindən imtina niyyətindədir. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsində gedir. Bu Rusiyanın əsas gəlir sahələrindən birini ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, qlobal bazarlarda və dünya iqtisadiyyatında volatilliyi daha da artıracaq”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, görüş başlamasa da, artıq dünya bazarı sammitin keçirilməsindən təsirlənib: “Brent markalı neftin 1 barelinin qiyməti yenidən 120 dollarlıq psixoloji həddi keçərək 122 dollara təklif olunur. Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik investorların qərarlarına təsir göstərir və bu da dünya bazarındakı problemləri daha da dərinləşdirir. Böyük Britaniyada infilyasya son 30 ildə ən yüksək səviyyəyə çatıb, ABŞ və Avropa İttifaqında istehlak qiymətləri artmaqda davam edir. Eyni zamanda, qlobal bazarda artıq bir sıra məhsulların qıtlığı müşahidə edilir. BMT dünyada aclıq təhküləsi və yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. OPEK-də Rusiyanın bazardakı azalanan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neft bazarına təzyiqləri artırır. Beynəlxalq Enerji Akademiyası da Rusiyan neftinin ixracat taleyi ilə bağlı qeyri-müəyyyənlik olduğunu bildirir. Bütövlükdə, neft və eləcə də dünya bazarında nələrin olacağını nəinki ekspertlər, hətta beynəlxalq qurumlar da proqnozlaşdırmaqda tərəddüd edirlər. Sammitdən öncə NATO Çin üçün də qırmızı xətləri də müəyyənləşdirməyə çalışır. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan açıqlamasında sanksiyalardan Çin və başqa ölkələrin ticari qazanclar əldə etməsini qınayıb. Görünən odur ki, dairə daha da genişlənir və bu heç də son olmayacaq”.