Cəmiyyət 5 May 2022, 17:10 | Baxış sayı: 166
"QHT-lər bu gün Azərbaycanda ən çətin dövrlərini yaşayır"

“Qeyri-hökumət təşkilatları bir çox məslələrdə daha öndə olmalı, yaxşı işləməlidirlər. Bir çox məsələləri hökumət yox, elə QHT-lər yerinə yetirməlidirlər”.

Bu sözləri millət vəkili Razi Nurullayev Bakupost.az -a açıqlamasında qeyd edib.

Deputat bildirib ki, QHT-lər bu gün Azərbaycanda ən çətin dövrlərini yaşayır:

“Çünki 2009-2014-cü illər ərzində qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edildi. Demək olar ki, onlara xaricdən qrant almaq qadağan edildi. Azərbaycan QHT-ləri yanlız ildə bir dəfə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən və müxtəlif dövlət orqanlarından müəyyən sosial layihələrə pul ala bilirlər.

Bunlar da çoxrəqabətlidir. Az məbləğdir. Bu məhdudlaşdırıcı müddəalardan sonra qeyri-hökumət təşkilatlarının hamısı ofislərini itirməli oldu. Onlar işlərini, layihələrini dayandırdılar. Həmin təşkilatlarda olan peşəkarlar dağılıb başqa işlərə getdilər. Bu gün qeyri-hökumət təşkilatları güclə ayaq üstə durub. Ona görə də yarımcan olan vətəndaş cəmiyyətindən bir şey ummaq, küsmək doğru deyil. Onlara qadağa tətbiq olunandan sonra təxmini 200 minə yaxın iş yeri bağlandı.

Ona görə də bu gün QHT-lərin peşəkarlığı zəifləyib, maliyyə ehtiyatları sıfıra enib. QHT-lər üzərlərinə götürdükləri missiyanı yerinə yetirə bilmir, cəmiyyətin isə buna ehtiyacı var. Qeyri-hökumət təşkilatları bir çox məslələrdə daha öndə olmalı, daha yaxşı işləməlidir. Bir çox məsələləri hökumət yox, elə Qeyri-Hökumət Təşkilatları yerinə yetirməlidirlər. Amma təəssüflər olsun ki, onlar bunu müəyyən səbəblər ucbatından edə bilmir”.

Xəbərlər