Siyasət 19 İyul 2023, 20:10 | Baxış sayı: 182
“Qəbiristanlıqdan siyahı yığırlar, adam dünyada yoxdur, onu partiya üzvü kimi təqdim edirlər”

“Müddəalardan biri budur ki, hər siyasi partiya qeydiyyatdan keçmək üçün 5 min nəfər üzvün müvafiq forma üzrə siyahısını tərtib edib, Ədliyyə Nazirliyinə verməlidir. Azərbaycanda 56-dan artıq siyasi partiya var idi. Yeni “Siyasi partiyalar haqqında” qanun qəbul olunduqdan sonra 31 partiya bu və ya digər səbəblər göstərərək özünü buraxdı. Digərləri isə bu ayın 11-nə qədər sənədlərini toplayıb Ədliyyə Nazirliyinə təqdim etdilər. Nazirlik 1 ay müddətində yoxlayıb, sənədlərin düzgün olub-olmaması ilə bağlı siyasi partiyalara məlumat verir. Bəziləri gedib qəbiristanlıqdan siyahı yığır. Adam dünyada yoxdur, amma onu partiya üzvü kimi təqdim edirlər. Belə faktlar var. Elə siyasi partiyalar var ki, ümumi seçicilərin 1%-dən də azının imzasını toplaya bilmir. Bu partiya sabah prezident seçkilərində iştirak etsə, 40 mindən yuxarı imza toplamalıdır. Onda 40 mindən yuxarı imzanı hansı formada toplayacaq? Proporsional sistem bərpa olunsa, yenə həmin hal olacaq. Yaxud majoritar qaydada ən az 60 dairə iştirak qeydə alınmalıdır. Hər namizəd partiya kimi seçkilərdə iştirak etmək istəyirsə, 60 dairənin hərəsindən 450 imza toplasa, bu da 20 mindən yuxarı imza edir. Buna görə də Ədliyyə Nazirliyi seçmə qaydada müraciət edir. Ekspertlər tərəfindən seçici imzaları yoxlanılır ki, bir adamın adının qarşısından beş adam, yaxud bir ailədən hamının adını yazıb “qol” çəkməsin”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat bildirib ki, hər bir şəxs konkret olaraq qanunun tələbinə uyğun şəkildə hansı partiyada olmaq istəyirsə, seçdiyi partiyanın Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyətini dəstəkləyirsə, o partiyanın üzvü kimi imza çəkməlidir: “Burada heç bir təzyiqdən söhbət gedə bilməz. Partiyaların bəziləri üzv sayları barədə artıq elan veriblər. Biri deyir ki, 8 min üzvüm var. Halbuki keçmişdə deyirdi “150 mindir”, indi isə 8 min deyir. 7-10 min üzvü olduğunu deyənlər də var. Amma keçmişdə başqa rəqəmlər sadalanırdı. İndi bir-bir ortaya çıxır. Hər partiya Azərbaycanın siyasi sistemində iştirak etməsi üçün öz sosial bazasını, elektoratını ortaya qoyur. Bütün partiyalar rəsmi qeydiyyatdan keçəndən sonra artıq qeydiyyatdan keçə bilməyənlərin partiya adından danışmaq səlahiyyətləri olmayacaq. Azərbaycanda söz, mətbuat azadlığı var. Həmin partiya sədrləri fərd kimi rəy bildirə biləcəklər, amma partiya sədri kimi hər hansı fikirləri, rəyləri ola bilməyəcək. Çünki İnzibati Xətalar Məcəlləsində cərimə ilə bağlı qanun var”.

pravda.az

Xəbərlər