Cəmiyyət 13 İyul 2022, 17:35 | Baxış sayı: 246
"Qazilərin problemləri ilə daha çox maraqlananlar onları dövlətin üstünə qaldırmaq istəyənlərdir".

“Müharibə dəhşətlərini yaşamış bütün ölkələrdə müxtəlif səbəblər üzündən intihar hadisələri yaşanır. Qazinin özünü yandırması və həyatdan köçməsi (Elvin Cəfərovu nəzərdə tutur-red) ağır xəbər oldu. Stress içərisindəyəm. Gərək qazilərə münasibət tam fərdi və ciddi olsun. Nə problem olur-olsun, bu və ya digər şəkildə mütləq həll edilsin. Müharibədən qalibiyyətlə qayıdan veteranın bu şəkildə faciə ilə üzləşməsinə çox təəssüf edir və üzülürəm. Dövlətimiz xeyli qazinin, demək olar, əksər şəhid ailələrinin əsas problemlərini həll edib. Söhbət problemi olan 5-6 min müharibə iştirakçısından gedir və onların problemləri kəskin şəkildə dayanır. 44 günlük müharibədə 11 min yaralı olub, dediyim 5-6 min şəxs də onların arasındadır. Məhz onlar bu gün həm sosial şəbəkələrdə, həm də müxtəlif yerlərdə narazılıqlarını bildirirlər. Belə görünür ki, bu şəxslərin problemləri ilə səmimi olaraq maraqlanan az adam var, daha çox maraqlananlar isə onları dövlətin üstünə qaldırmaq istəyənlərdir. O adamların qazilərin problemini həll etmək maraqları yoxdur, təəssüf ki, qazilərdən öz məqsədləri üçün istifadə edirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat təəssüflə bildirib ki, bəzi dövlət orqanları bilərəkdən, yoxsa bilməyərəkdən, qazilərdən başqa düşmən və xəyanətkar düşüncəli insanlar, siyasi, ictimai qüvvələr tərəfindən istifadə edilməsinə şərait yaradır: “Axı 5-6 min qazinin problemini həll etmək niyə bu qədər çətindir? Bu problemləri acı bağırsaq kimi uzada-uzada hara daşıyırıq? Axı bütün bunlar dövlətimiz üçün təhdiddir, Ermənistan mətbuatı və ermənilərdən geri qalmayan daxili xəyanətkar düşmən qüvvələr elə özümüzə, zəfərimizə qarşı bunlardan istifadə edir. Dəfələrlə parlamentdə təklif səsləndirmişəm və çox təəssüf edirəm ki, əlaqədar orqanlar nəzərə almadı. Çıxış yolu var, zənnimcə, gərək bu sadalayacağım konkret addımlar atılsın. Parlamentdə səsləndirdiyim təklifləri bir daha deyirəm. Birincisi, qazilərin iş probleminin həllinə, əsasən onların təhsilsizliyi, peşəsinin olmaması, yəni bilik və bacarıqlarının zəifliyi maneə törədir. Buna görə də onların kütləvi olaraq peşə təhsilinə cəlb edilmələri, daha savadlılarının isə iş bazarının tələblərinə uyğun mövcud ali məktəblər yanında bir-iki illik xüsusi kurslara cəlb olunmaları vacib idi. Başqa cür biz bu adamları işlə necə təmin edək? Hər kəs bir neçə aylıq iş verib, sonra azad edəcək, yaxud bir neçə aylıq sosial iş və s. Bu isə razılıq yarada və məsələni kökündən həll edə bilməz. Hətta özünüməşğulluq belə onlara kömək edə bilmir. Çünki özünüməşğulluq üçün də bir aylıq kurs kifayət deyil, sadəcə, “qaloçka” üçündür. Əksəri qoyun-mal alır, sonra satıb yeyir, yenə də qalır ac. Bu effektiv deyil”.

Deputat deyib ki, icra hakimiyyətləri yanında şəhid ailələri, müharibə veteranları ilə məşğul olan şöbə yaradıldı, amma bu şöbənin nə səlahiyyəti, nə də imkanları var: “Statistika ilə məşğuldur. O şöbə də şikayətləri icra başçısına çatdırır. Nə mənası? Sadəcə, icra hakimiyyəti başçılarının canı eyni problemləri hər gün eyni adamlardan eşitməkdən qurtarır. Bu şikayətləri şöbə müdiri dinləyir və sonra onları heç icra başçısına da çatdırmır. Çünki eyni məsələni və eyni adamı nə qədər təkrar-təkrar məruzə etmək olar? Bax beləcə, məsələlər həll olunmadan şişə-şişə davam edir və sonra da.... Buna görə də ayrıca bir səlahiyyətli dövlət qurumun yaradılmasına ehtiyac var, yaxud da səlahiyyətli bir qurumun yanında ayrıca bir şöbənin, ya agentliyin olması vacibdir. Vaxtı ilə qaçqın və köçkünlərin problemlərini həll etmək üçün el arasında deyildiyi kimi “Qaçqınkom” yaradıldı. Onlar da bildi ki, hara üz tutmaq lazımdır. Yüz mindən çox müharibə iştirakçısı var, onlar böyük qüvvədir. Gərək onlarla bağlı da analoji bir qurum olsun və problemlər vahid mərkəzdən idarə edilsin, çözüm tapılsın. Mütləq şəkildə vahid bir qurumun yaradılmasına ehtiyac var”.

R.Nurullayev bildirib ki, Qarabağ veteranları ilə bağlı respublika təşkilatı var və bu təşkilatın maddi-texniki bazasını gücləndirmək, onu ciddi vəsaitlə təmin etmək lazımdır: “Bu, onların müharibə veteranları və iştirakçıları ilə məşğul ola bilmələri üçün vacibdir. Gərək, hər bir rayonda ən yüksək səviyyədə bina, maddi-texniki baza, vəsait və resurslarla təmin edilsin, hər bir müharibə iştirakçısı və veteranı bilsin ki, onun ilk üz tutacağı yer haradır. Əks halda, hərə bir yalançı təşkilat yaradıb, onları dövlətin üzərinə qaldıracaq. Bütün bu adamlar, təşkilatlar, yalançı psevdoqəhrəmanlar müxtəlif yer və ölkələrdən, xarici ölkə agentlərindən təlimatlandırılır. Qarabağ veteranları ilə bağlı respublika təşkilatını təxirə salınmadan dirçəltmək lazımdır”.

Deputatın sözlərinə görə, müharibədən keçib gəlmiş hər bir şəxsin ciddi psixoloji yardıma ehtiyacı var: “Təəssüf ki, müharibə iştirakçılarına lazımi qaydada psixoloji yardım göstərilmədi. Əslində, hər bir narahat iştirakçı, ümumilikdə hamısı müəyyən klinika, xəstəxanalarla, sosial işçilərlə təhkim olunmalı idilər. Yenə də gec deyil. Bir təhlükəni də qeyd etmək istəyirəm. Bu ölkəyə qənim kəsilən, Vətəni, torpağı qəpik-quruşa satmağa hazır olan yalançı bloqerlər, əllərində telefon və çəkiliş kamerası gəzdirib, amma iki cümləni ard-arda qoşa bilməyən reket jurnalistlər ölkəni təhlükəyə sürükləyirlər. Qarşısı alınmayacaqsa, bilin ki, dövlət gedəcək. Hoqqabazlıq, yalançılıq və psevdovətənpərvərlik çağırışları ilə məşğul olan, amma ölkəni bəlli məbləğə satmağa hazır olan, “müxalifət” adı altında gizlənən bir qrup “millişuraçı”, “əlikərimçi”, “gültəkinçi” qanunun imkan verdiyi tərzdə hiyləgərliklə açıq-açığına dövlət çevrilişinə çağırış edir. Qarşısı alınmayacaqsa, bilin ki, dövləti batıracaqlar. Azərbaycanı başqa ölkələrin köləsinə çevirəcəklər. Qarabağı da alıb Ermənistana verəcəklər. Bu isə onların heç veclərinə deyil. Onlar nəinki indiki hakimiyyətdən, həm də Azərbaycan xalqından qisas almaq istəyirlər. Bütün uğursuzluqlarını belə ört-basdır edəcəklər. Ayılmaq və hərəkət etmək vaxtı deyilmi? Yoxsa, hələ də “xarici ölkələr nə deyər”, “beynəlxlaq təşkilatlar nə hazırlayıb yayar” qorxusu ilə demokratiya adı altında “gizlənpaç” oynayacağıq? Məgər görmürük ki, bu ölkədə yeni separatizm ocaqları, etnik münaqişələr və xalq qarşıdurması yaratmaq üçün çalışan qüvvələrin məngənəsində sıxılırıq? Məgər bu satqınlığa, xəyanətə hazır olan “radikal müxalifət” adı altında fəaliyyət göstərənlərin niyyətini görmürük? Görmürsünüz ki, onlar da ölkəmizdə yeni separatizm, etnik münaqişələr, dini ayrımçılıq yaradan xarici düşmən qüvvələrin ölkəmizdə fəaliyyət göstərən gizli xəyanətkar əlləridir? Məndən deməkdir, əlimdən gələn mübarizəni də aparır və aparacağam. Amma hər kəsin dövlətimizin qorunması üçün əlini daşın altına qoyması lazımdır. Kim qoymursa, xəyanəykarlığın iştirakçısıdır. İstər adi insan, istər vəzifəli şəxs olsun. Güzəşt olmamalıdır!”

Xəbərlər