Cəmiyyət, Siyasət 6 Yanvar 2022, 13:19 | Baxış sayı: 245
Deputatlar Qazaxıstanda yaranan iğtişaşa münasibət bildirdi.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Bu hadisələr Azərbaycanda da böyük müzakirələrə səbəb olub. Deputatlar buna münasibət bildirib:

Elman Nəsirov deyib ki, “Son günlər Qazaxıstanda baş verənlər fonunda sosial şəbəkələrin Azərbaycan seqmentində də iğtişaşçılar fəallaşıblar. Qazaxıstanda baş verən ssenarinin Azərbaycanda da baş verməsi ilə bağlı müzakirələr keçirilər və s. Belə qüvvələrin niyyəti Azərbaycanı xaosa daşımaqdır. Bu səbəbdən, Azərbaycanda dövlət çevrilişinin baş verməsi üçün müxtəlif versiyalar üzərində baş sındırırlar. Qazaxıstadakı hadisələrin ölkəmizdə də da baş verməsini istəyirlər. Ona görə də KTMT-nin hərbi kontingentinin Qazaxıstana yola düşməsi xəbərini kədərlə qarşılayıblar. Nəzərə almaq lazımdır ki, bu, inqilab niyyətinin reallaşma əmsalını sıfıra yaxınlaşdırır. Azərbaycanda belə iğtişaşlar baş verə bilməz, çünki xalq-hakimiyət birliyi hökm sürür. Xalq Prezidentin ətrafında nəinki birləşib, Prezident İlham Əliyevi öz qəhrəmanı hesab edir”.

O əlavə edib ki, iğtişaş törədənlərin xaricdə xüsusi təlim görmüş terror dəstələri olduğu və onların Qazaxıstanda siyasi hakimiyyətin devrilməsinə nail olmaq istədikləri ehtimal edilir: “Yəni, onlar elə mübarizə metodlarına görə terrorçu və quldur dəstələridirlər. Bu reallıqlar fonunda Qazaxıstan Prezidenti Tokayevin KTMT-yə müraciəti nəticəsində təşkilatın sülhməramlı qüvvələri Qazaxıstanda sabitliyin və təhlükəsizliyin təmin edilməsi haqqında qərar qəbul edib. Müəyyən beynəlxalq siyasi dairələrin ayrı-ayrı ölkələri hədəfə alıb öz məqsədləri üçün çevriliş etmək, hökuməti ələ almaq üçün bu cür üsullardan istifadə edirlər. Dövlət çevrilişinə cəhdin digər post-sovet məkanlarındakı iğtişaşlardan fərqi odur ki, Qazaxıstandakı iğtişaşın lideri yoxdur. Ona görə də onlar elə Tokayevin dediyi kimi, müəyyən hazırlıq görmüş quldur dəstələrini xatırladırlar”.

 

Deputat Azər Badamov isə deyir ki, Qazaxıstanda qazın qiymət artımından fürsət kimi istifadə edərək xalqı dövlətə qarşı qaldırmağa çalışırlar.

A. Badamov Qazaxıstanda baş verən hadisələrin başqa ölkələrdə, o cümlədən Azərbaycanda da təkrarlana biləcəyi fikiri ilə tamamilə razı deyil: “Qiymət artımları dünyada baş verən qlobal problemdir və qaçılmazdır. Sosial şəbəkələrdə bəzi çağırış edənlər ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Hesab edirəm ki, onlar müəyyən qüvvələrə xidmət edirlər. Düşünürəm ki, dövlətlər qlobal qiymət çağırışlarına vaxtında cavab verilməsi üçün sosial tədbirləri həyata keçirməlidirlər. Qazaxıstanda baş verən hadisələr ölkənin daxili işidir. Qazaxların baş verən məsələlərə səbir və təmkinlə yanaşacaqlarına ümid edirəm”.

 

Fazil Mustafa: 

"Nursuz, Sultansız Qazaxıstanın maye qazı da olacaq,  yemək-içməyi də! Bəlkə də daha çox olacaq. Ancaq burada türklərin Məkkəsi kimi Nursultanın yaratdığı Türküstan şəhərinin ruhu Qazaxıstanın canından uçub gedəcək...Haraya? Əlbəttə Kosmodroma- Baykanura! Amma Bayka Nur qazax üçün əsla Sultan Nur olmayacaq!

Xalqı da sevməliyik, dövləti də.  Xalqı da yaşatmalıyıq, dövləti də."  

"Qazaxıstanda hələ ki, ağız deyəni qulaq eşitmir. Ağızla qulağın dialoqu gecikəndə belə olur. Dialoqa qayıtmalıyıq. Hər kəsin hər kəsə xalq qarşında, Vətən qarşısında, Dövlət qarşısında, şəhidlərimiz qarşısında borcunu xatırlatmaq üçün!"

 

Asim Mollazadə: “Biz istərdik ki, Qazaxıstanda tezliklə sabitlik bərpa olunsun, qardaş xalqın firəvan yaşamaq imkanları olsun”

“Qazaxıstandakı hadisələrin səbəbləri ciddi araşdırılmalı və öyrənilməlidir. Hesab edirəm ki, Azərbaycanla hər hansı paraleli aparmaq düzgün deyil. Sadəcə olaraq, bur qədər vaxt keçəndən sonra Qazaxıstandakı hadisələrin mahiyyəti bəlli olacaq”.

 

Ceyhun Məmmədov isə bildirib ki, “Qazaxıstanda baş verən hadisələrdən bir çox region dövlətləri nəticələr çıxarmalıdırlar. Bu onu göstərir bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışırlar. Bu məqsədlə müxtəlif metodlardan istifadə edirlər.

Bu baxımdan belə halların baş verməməsi üçün hamı çalışmalıdır. Hər kəs öz üzərinə düşəni etməlidir ki, belə vəziyyət heç bir ölkədə baş verməsin. Tezliklə dost və qardaş Qazaxıstanda sabitlik və istiqrarın tam bərpa olunmasını arzulayırıq”.

 

Deputat Elman Məmmədov isə bildirib ki, KTMT-nin köməyinə işğal adı vermək olmaz: "Ümumiyyətlə dövlətin qanunlarının pozulması ilə müşaiyət edilən hərəkətlər intensivləşib, silahlı qruplaşmalar yaranıb. Ordu ilə, polislə qarşılıqlı toqquşmalar gedir. Təbii ki, iğtişaşın səbəbi və məqsədləri var və bunun qarşısı hansısa şəkildə mütləq alınmalıdır. Qazaxıstan Prezidenti də bu yolu seçib və bəyan edib ki, müdafiə nazirliyinin hərbi hissələri bir o qədər də etibarlı vəziyyətdə deyil. Görüntülərdən də görünür ki, həmin toqquşmaları törədənlər polisləri tərksilah edir, onları döyür, işgəncə verir, öldürürlər. Prezident Tokayev artıq Təhlükəszilik Şurasının sədrliyini də öz üzərinə götürüb. Belə məlum olub ki, Qazaxıstan öz daxili qüvvələri hesabına iğtişaşların qarşısını almaqda acizdir. Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Təşkilatın nizamnaməsində qeyd olunub ki, dövlətlərdən hansısa birinin ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı təhlükə yaranarsa, təşkilat üzvləri kömək etməyə borcludurlar. Həmin qüvvələr Qazaxıstan, Tacikistan, Ermənistan, Belarusiya və Rusiyadır”.

 

 

Sabir Rüstəmxanlı deyib ki, köhnə SSRİ-ni bərpa etmək niyyətilə növbəli şəkildə digər ölkələrdə də buna bənzər hadisələr törədilə bilər:  

“Hər halda gedən proseslər qazax xalqının iqtisadi tələblərini yerinə yetirmək görünüşü yaratsa da, əslində bunun arxasında müəyyən siyasi məqsədlər və qonşu dövlətlərin niyyətləri dayanır. Qazax xalqı son dərəcə ehtiyatlı olmalıdır, tələyə düşməli deyil. Sülhməramlıların Qazaxıstana dəvət olunması artıq ölkənin suverənliyinə zərbədir və yolverilməzdir. Bunu xəstəlik adlandırmaq olar və digər respublikalarda da yayıla bilər. Azərbaycanda da nə qədər istəsəniz, beşinci kalonun adamları var.

Onlar ruspərəstlərdi, Moskva həsrəti ilə yaşayırlar. Sabah burada da eyni şeyi təkrar edə bilərlər. Deyəcəklər ki, qiymətlər bahalaşıb. Düzdür, qiymətlərin bahalaşması hamını narahat edir, amma bu məsələdə ehtiyatlı  olmaq lazımdı. Bundan siyasi məqsədlər üçün istifadə etmək, kənar qüvvələri cəlb etmək yolverilməzdir. Bu ssenari yoluxucudur, arxasında duran qüvvələr Qazaxıstana necə münasibət bəsləyirlərsə, digər Türk dövlətlərinə də elə münasibət göstərəcəklər”.

Deputat qeyd edib ki, Nazarbayev dünyaya yeni dövlətçilik modeli təqdim edirdi:

“Onun Qazaxıstanda türkçülük ruhunun yüksəldilməsində böyük xidməti var. Bunu da istəməyən qüvvələr var ki, türkçülüyün yayılmasından narahatdılar. Türk  dünyası üçün də bu hadisələr böyük  zərbədir. Nazarbayev kimi ağsaqqala qarşı sayğısızlıq türk respublikaları ilə müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər”.

Xəbərlər