Cəmiyyət, Siyasət 8 Oktyabr 2021, 12:21 | Baxış sayı: 317
Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına deputatların münasibəti

Bəs Qarabağ erməniləri Azərbaycana necə inteqrasiya olunacaq?

Modern.az mövzu ilə bağlı Qarabağ bölgəsini təmsil edən deputatlardan onların fikirlərini öyrənib.

123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatı Aqil Məmmədov məsələ haqqında Modern.az-a danışarkən Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməli olduğunu söyləyib.

“Hazırkı vəziyyəti təhlil etsək görərik ki, Qarabağ ermənilərinin bir çoxu artıq Azərbaycan rəsmilərinə üz tutur. Xankəndi ərazisində yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərsə, vətəndaşlığımızı şərəf bilib daşıyarlarsa, təbii ki, asanlıqla inteqrasiya olunacaqlar. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi sərbəst şəkildə yaşayarlar və onların üçün heç bir təhlükə olmaz. Azərbaycan vətəndaşlığını qəbul etməzlərsə, heç bir inteqrasiyadan söz gedə bilməz”.

 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov isə yalnız 1988-ci ilə qədər Qarabağda yaşamış ermənilərə Azərbaycan vətəndaşlığının verilə biləcəyinə vurğu edib.

“Azərbaycan qanunlarına tabe olub, vətəndaşlığı qəbul edib Azərbaycanda yaşamalıdırlar. Yaşama hüququ o ermənilərə veriləcək ki, onlar  1988-ci ilədək orada yaşayıblar və hazırda törəmələri orada yaşamaqdadır. Qarşılarına müəyyən şərtdə qoyulacaq. Əgər onlar Azərbaycan qanunlarını pozub, millətimizə qarşı cinayət törədiblərsə, qanun qarşısında cavab verəcəklər, cinayətə cəlb olunacaqlar. Əks təqdirdə, Azərbaycan dövləti öz ərazisində əcnəbi vətəndaşların yaşamasına icazə verməyəcək, onlar ölkədən xaric olunacaqlar”.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov inteqrasiya olmasa Ermənistan tərəfindən kiminsə maşa kimi əleyhimizə istifadə edəcəyini söyləyib. O, dövlətin inteqrasiya prosesi istiqamətində danışıqları davam etdirdiyini əlavə edib:

“Ermənistan xalqının bir hissəsi bu prosesə hazırdır. Özləri də bilirlər ki, bu vəziyyətdə yaşamaq asan deyil.  İnkişafdan geri qalırlar, ölkə gün keçdikcə çökür. Siyasi hakimiyyət, müxalifət təsir  göstərdiyinə görə onlar bu məsələyə münasibət bildirə bilmirlər. Lazımi danışıqlar aparılır, hesab edirəm ki, bir müddətdən sonra inteqrasiya prosesi sürətlə davam edəcək. Ermənilərin başqa yolu yoxdur, buna məcburdurlar.  Dövlət ermənilərin bizim cəmiyyətə inteqrasiya olunmağını istəyir ki, ölkədə sülhü təmin edə bilək. İnteqrasiya olunmadan, normal münasibətlər qurulmadan onlardan kimsə bizim əleyhimizə həmişə istifadə edəcəklər. Ermənilərin xislətini, Xocalı soyqırımını və digər qəddarlıqlarını heç vaxt unutmamalıyıq. İnteqrasiya olmazsa, Ermənistan tərəfindən kimsə alət kimi, maşa kimi bizim əleyhimizə istifadə edəck”.

Xəbərlər