Cəmiyyət 16 May 2022, 12:59 | Baxış sayı: 247
“Qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb”

“Son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü kimi məni çox narahat edir. Məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, ümumtəhsil məktəblərində çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan direktor yerlərinə kənar məktəblərdən direktor müavinləri təyinat alırlar: “Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik ənənələrinin pozulmasına və bütün dünyada qəbul olunmuş sosial lift prinsipinin ayaqlar altına atılmasına səbəb olur.  Konkret olaraq iki nümunə göstərəcəm. 210 nömrəli tam orta məktəbə direktor 95 nömrəli  tam orta məktəbdə direktor müavini işləyən Həqiqət Gülalıyeva birbaşa təyin olunub. 165 nömrəli tam orta məktəbə isə 252 nömrəli məktəbdə cəmi 1 ilə yaxın direktor müavini işləmiş Ruslan Nağıyev birbaşa təyin olunub. Bildiyimiz kimi, ümumtəhsil məktəblərinə direktor vəzifəsinə təyinat təcrübəsi, şəxsi bacarıq və keyfiyyətləri əsas götürülməklə təlimlərə cəlb olunduqdan sonra müvafiq imtahan və müsabiqələrdən keçən şəxslər  təyinat almalıdırlar. Verilən məlumatlara görə, hər iki şəxs faktiki olaraq imtahan və müsahibələrdə iştirak etməyiblər. Belə halların sayı çoxdur. Və həmçinin qapalı və mübhəm direktor təyinatları geniş vüsət alıb”.

Xəbərlər