“Problemin səbəbini aradan qaldırmaq istəyirik, nəinki nəticəni nəzərə alıb qanunda cərimələr tətbiq etmək”.
Milli Məclisin 2021-ci il payız sessiyasında “Lombardlar haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.
Bu barədə Parlamentin 30 sentyabrda keçirilən plenar iclasında qeyd olunub.
Artıq 5 ildir ki, müzakirə olunan, lakin nə səbəbdənsə hələ də qüvvəyə minməyən qanun layihəsi barəsində isə müxtəlif fikirlər var.
“İncə tənzimləmələrə ehtiyac var”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, deputat Tahir Mirkişili “Meclis.info” ya deyib. O qeyd edib ki, sözügedən qanun layihəsi ilə bağlı tənzimlənməli olan əsas məsələlərdən biri insanların qoyduqları girovu olduğu şəkildə geri alması ilə bağlıdır.
Onun sözlərinə görə, bu qanun layihəsi həm də lombardların etibarlılığını təmin etmək məqsədi daşıyır:
“Problemin səbəbini aradan qaldırmaq istəyirik, nəinki nəticəni nəzərə alıb qanunda cərimələr tətbiq etmək”.
“Qanun layihəsinin qəbulunun bu qədər gecikməsinə səbəb nədir?” sualına gəlincə, Tahir Mirkişili deyib ki, bu sahə çox geniş olduğundan kifayət qədər incə tənzimləmələrə ehtiyac var:
“Məqsədimiz daha çox təhlil aparmaq, müzakirəyə müxtəlif tərəfləri cəlb etməklə effektiv mexanizm hazırlamaqdır. Sadəcə qanun qəbul etmək naminə qanun qəbul etmək istəmirik”.
ReAl Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli isə bildirib ki, qanun layihəsinin işlək bir formulunun tapılması hələ mümkün olmasa da, bu dəfəki müzakirədə iki əsas məsələ öz əksini tapacaq:
“İlk növbədə lombardların faiz dərəcəsinin tənzimlənməsi məsələsi müzakirə oluna bilər. Yəni, bunun Maliyyə Nazirliyi, yoxsa Mərkəzi Bank tərəfindənmi edilməsi aydınlaşdırılmalıdır. Çünki bu sahədə tənzimləyici orqanın hansı olduğu tam olaraq bilinmir”.
İqtisadçı digər müzakirə olunası məsələnin qiymətləndirilmələrlə bağlı olduğunu bildirib. Onun fikrincə, bir çox hallarda lombardların özünə sərf edən şəkildə qoyulan qiymətlərlə vətəndaşlar məcburən razılaşmalı olurlar:
“Bu qiymətlər qanunda dəqiq və aydın şəkildə qeyd olunmalıdır”.
Natiq Cəfərli sonda əlavə edib ki, qanunun faydalı olub-olmayacağı isə son versiyada nəyin yer almasından asılı olacaq. Onun qənaətincə, doğurdan da, vətəndaşlara sərf edəcək müddəalar olarsa, iqtisadiyyatın bu seqmentində canlanma müşahidə edilə bilər.
Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, belə bir qanun layihəsinin müzakirə edilməsi çox vacib haldır.
Onun fikrincə, Azərbaycanda lombardların fəaliyyəti, ümumiyyətlə, tənzimlənmədiyindən bu sahədə dərəbəylik hökm sürür:
“Ortada lisenziya olmadığı halda bank sektoru ilə qeyri-sağlam rəqabət aparırlar. Belə çıxır ki, lombardlar başqalarının pulu ilə risk edirlər. Hətta bəzən bu pulları batırırlar da. Ən bariz nümunə 2019-cu ildə baş verən hadisədir. Lombard sahibi xeyli insanın pulunu qaytara bilmədiyi üçün sonda intihar etmişdi. İndiyə kimi bunun araşdırması aparılmayıb”.
Əkrəm Həsənov əsas məsələlərdən biri kimi sənədləşmə problemini qeyd edib. Hüquqşünasın sözlərinə görə, sənədləşmə olmadığı üçün pozulan qanun da yoxdur:
“İlk dəfə bu qanun layihəsini 2016-cı ildə mən təklif etsəm də, o vaxt qəbul etmədilər. Çünki bəzi lombardların arxasında bir sıra güclər var. Onlar isə bu fəaliyyətin tənzimlənməsini istəmirlər”.
Şəbnəm Adil
Meclis.info