“Prezidentin qəbul etdiyi mütərəqqi addımlara qarşı çıxmış olurlar”
Milli Məclisin iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Deputat Razi Nurullayev çıxışında bildirib ki, Vergi Məcəlləsinə ölkədə istehsal olunan avtomobillərin, minatəmizləmə əməliyatlarında istifadə olunan avadanlıqların və bənzər texnologiyaların əlavə dəyər vergisindən azad olunmasını ehtiva edən dəyişiklikləri dəstəkləyir: “Ümid edirəm ki, bu dəyişiklik ölkədə avtomobil istehsalına töhvə vermiş olacaq.
Açığını deyək ki, atomobillərə tətbiq edilən gömrük yükü çox ağırdır. Vətəndaş gedib Gürcüstandan ucuz avtomobl alın gətirir və aldığı məbləğ qədər, yaxud daha çox rüsum ödəyir. Deyək ki, avtomobili alıb 10 min dollara, ölkədə ya on min, ya da daha çox rüsum ödəməli olur. Bu tarifi doğru hesab etmirəm. Razıyam ki, ölkəmizdə daha çox keyfiyyətli avtomobil istehsal olunsun. Amma, bir çox məsələlər kağız üzərində qalır. Gəlin görək istehsal, tikinti, idxal və ixrac hamı üçünmü bərabər şərait yaradılır? Xeyr, yaradıımır. Müxtəlif instansiyalarda vətəndaşların başına min oyun gətirirlər. Qanunlarımız superdir, biz çox gözəl qanunlar qəbul edirik, amma bizdən asılı olmayan səbəblərdən qanunlar buradan çıxandan sonra aidiyyatı qurumlar tərəfindən öz keyfinə uyğun yerinə yetirilir. Bu yolverilməzdir və əməlli-başlı hiddət doğurur”.
R.Nurullayevin sözlərinə görə, sənaye zonaları, sənaye məhəllələrinin bəzilərində rahat şərait yaradılıb ki, sahibkarlıq etmək istəyən şəxs yaxşı qəbul edilsin və ona kömək göstərilsin: “Qalanlarında sadəcə dinləyib yola salırlar, o da o zaman olur ki, kimsə xahiş etsin ki, filankəsi qəbul edin, onun biznes planları var. Dinləyib yola salırlar, sonra heç telefonu da qaldırmırlar. Indi neynəyək, onların əlindən tutub idarə-idarə gəzdirək? Bu nə deməkdir? Götürək, investisiya təşviq sənədini. O sənədin verilməsi niyə az qala cəhənnəm əzabına çevrilib? İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı, 20 aprel 2016-cı il tarixli 877 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası" və investisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı 20 dekabr 2022-ci il tarixli 1913 nömrəli Fərmanı ilə investisiya təşviqi mexanizmi yaradılıb və onları oxuyan xarici vətəndaş həsəd aparar ki, kaş bizdə də belə qanunlar olardı. Cənab prezident tərəfindən bütün addımlar ən gözəl və mütərəqqi şəkildə atılır. Gəlin görək, problem haradadır, açıq danışaq, qorxmayaq, çəkinməyək”.
Ardınca R.Nurullayev İqtisadiyyat Nazirliyinin məsul şəxslərinə xitab etdi: “İstəyirəm cavab versinlər ki, investisiya təşviq sənədlərinin verilməsini hansı meyar üzrə həyata keçirirlər? Bəli, sadaladığım sənədlərdə yazılıb meyarlar və şərtlər. Bəs niyə əməl olunmur? Sənaye zonaları və məhəllələrinin bəzi məqamları nəzərə alaraq bir-ikisindən başqa digərləri niyə şəffaf deyil, niyə sərmayə qoymaq istəyənləri qəbul etmirlər, cəlb etmirlər? Sabirabad sənaye məhəlləsi anbar kimi istifadə olunur. Bəs dövlətin qoyduğu külli-miqdarda vəsait hara getdi? Sovruldu göylərə? Indi bir iş adamı sərmayə qoymaq istəsin, onu elə incidəcəklər ki, o ya ölkədən gedəcək, ya da sivil qaydada işləmək istəməyəcək, gedəcək hamı kimi “dədə-baba” qaydası ilə işləməyə. Belə olarmı?
Son zamanlar xeyli qurumlarda əməlli-başlı süründürməçilik, insanları bezdirmə, canına, boğazına yığma, başından eləmə görürəm və bu həm də gedib çıxıb Qarabağa. Qarabağa sərmayə qoymaq istəyən vətəndaşlar bir-iki dövlət qurumu tərəfindən niyə dağa-daşa salınır? Niyə sözdə hər şey şəffaf, əməldə isə hər şey qaradan qaradır?”
Deputat deyib ki, cənab Prezident bütün imkanları yaradıb və lazım olan əksər addımları da atıb: “Bir neçə dövlət qurumu var ki, onlar neqativ əməlləri ilə cənab Prezidentin qəbul etdiyi mütərəqqi addımlara qarşı çıxmış olurlar. Xanım sədr, istərdim ki, bir çox əlaqədər qurumların məsul şəxsləri ilə parlamentdə görüş keçirilsin və biz onlara konkret suallar ünvanlaya bilək. Lap olsun qapalı, əgər açıq və mətbuatın iştirakı ilə olan görüşlərdən qorxurlarsa. Amma, suallarımıza cavab tapmalıyıq”.
Spiker Sahibə Qafarova bildirdi ki, əgər faktlar varsa, onlar təqdim olunsun.