Siyasət 13 İyul 2023, 16:45 | Baxış sayı: 95
“Prezidentin çıxışından anlamaq olar ki, sülh danışıqları davam etdiriləcək”

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, işğaldan azad olunmuş ərazilərin, Qarabağ və Şərqi Zəngəzurun bərpası, sosial-iqtisadi sahədə islahatların davam etdirilməsi haqqında önəmli məqamlar qeyd edildi. Məlum oldu ki, ümumiyyətlə iqtisadi göstəricilər yüksək səviyyədədir”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib. O qeyd edib ki, Prezident dövlət büdcəsi haqqında danışarkən artımın olduğunu bildirib:

“Burada əsas məsələ artımın nəyin hesabına əmələ gəlməsidir. Ölkədə maliyyə intizamının gücləndirilməsi, vergi və gömrük orqanlarında islahatların aparılması nəticəsində 33 milyarddan 36 milyard manata qədər çatdırıldı. Artım imkan verdi ki, bir sıra istiqamətlər üzrə xərclər də artırılsın.

Əsasən, Qarabağ və Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi, eyni zamanda, Silahlı Qüvvələrimizin modernləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi, yeni silah və texnikaların alınmasına yönəldiləcəyi barədə məlumatlar müşavirədə qeyd edildi. İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində tədbirlərin davam etdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, Böyük Qayıdışın tezləşdirilməsi üçün xərclərin artırılacağı vurğulandı. Artıq Böyük Qayıdış proqramı başlayıb. Talış kəndinə və Laçın şəhərinə ailələr köçürülüb, Zabux və Sus kəndlərinə də ilin sonuna qədər qayıdış planlaşdırılıb. Proqram çərçivəsində 100-ə qədər yaşayış məntəqəsinin salınması planlaşdırılır. Bu günə qədər 30 yaşayış məntəqəsinin bünövrəsi qoyulub. Prezidentin birbaşa iştirakı ilə səkkiz şəhər, 22 kənd və qəsəbənin yenidən qurulması istiqamətində addım atılıb. Azad edilmiş ərazilərimizdə dövlət qurumlarının fəaliyyətinin təmin edilməsi, baş planların hazırlanması və təsdiqi, bütün bu işlərin aparılması istiqamətində böyük irəliləyiş var”.

Deputat onu da diqqətə çatdırıb ki, müşavirədə Prezident İlham Əliyev Ermənistanla münasibətlərdən də yan keçmədi. Onun çıxışından belə anlamaq olar ki, sülh danışıqları davam etdiriləcək:

“Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqların davamı, dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində təmaslar davam etdiriləcək. Buna baxmayaraq, Azərbaycan, təbii ki, öz müdafiə strukturunu, potensialını gücləndirməyə davam edəcək. Çünki Azərbaycan öz müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə, təmin etməlidir. Bu istiqamətdə də Silahlı Qüvvələrdə müvafiq islahatların aparılması, modernləşdirmə tədbirlərinin görülməsi olduqca vacibdir. Düşünürəm ki, biz gələcəkdə də ordumuzun daha yüksək standartlar səviyyəsində qurulması və dünyanın ən qabaqcıl və yüksək döyüş qabiliyyətli ordusuna çevrilməsinin şahidi olacağıq”.

oxu.az

Xəbərlər