Siyasət 9 Avqust 2023, 13:36 | Baxış sayı: 109
“Prezidentin ADA Universiteti Qazax Mərkəzi ilə tanışlığı təhsilimizə, tariximizə böyük diqqətdir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

“Qazax Müəllimlər Seminariyasının dirçəldiməsi mühüm tarixi əhəmiyyət kəsb edir. Bütün dünyada qədim təhsil müəssisələri qorunub saxlanılır. Orada yetişmiş böyük mütəfəkkirlərin yaradıcılığı hər zaman tədqiqat obyektinə çevrilir”. 

Bu sözləri açıqlamasında deputat Etibar Əliyev bildirib. 

“Qazax Müəllimlər Seminariyasının tarixi Qori Seminariyası ilə bağlıdır. Qori Seminariyasını bitirən azərbaycanlılar arasında Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli kimi dahilərimiz olub.

Firudin bəy Köçərli irsilə yaxından tanışam. Onun Qori Seminariyasının yetişdirdiyi ziyalı nəsil, oradakı təhsilin keyfiyyətilə bağlı dəyərli fikirləri var, hansı ki, müasir dövrümüz üçün də aktualdır”.

Deputat deyib ki, Prezidentin Qazaxa səfəri çərçivəsində bu mərkəzlə tanışlığı təhsilimizə, tariximizə böyük diqqətdir. 

“Düşünürəm ki, orada müasir təhsil texnologiyalarının tətbiqilə yanaşı, müasir pedaqogika və psixologiyanın, fənlərin yeni məzmunda tədrisi ilə tarixi Seminariyanın önəmi yenidən diqqət mərkəzində olacaq, dahi mütəfəkkirlərin irsini davam etdirəcəyik. 

Həmin binada məhz ADA Universitetin filialının yaradılması da Azərbaycan təhsili üçün önəmli hadisədir. ADA Universiteti ölkədə öndə gedən ali təhsil ocaqlarındandır. Hesab edirəm ki, ADA Universiteti Qazax Mərkəzi həm də müəllimlərin, pedaqoqların, təhsil mütəxəssislərinin birləşdiyi faydalı diskussiya klubuna çevriləcək və gələcəkdə daha peşəkar müəllim hazırlığına öz töhfəsini verəcək”. 

Qeyd edək ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 

Xəbərlər