Siyasət 11 Aprel 2023, 15:40 | Baxış sayı: 100
“Prezident xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi”

“1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli və tələbi ilə siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz, buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi”.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

K.Bayramov diqqətə çatdırıb ki, dövlət başçısının həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Prezident İlham Əliyevin müsahibələrində də qeyd etdiyi kimi, ordumuz faktiki olaraq yenidən quruldu: «Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq”. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi.

K.Bayramov vurğulayıb ki, bu gün tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı” layihəsi üzərində iş gedir. Məlumdur ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi cəlbediciliyi həm daxili, həm də xarici investisiya yatırımları üçün geniş perspektivlər açır. Ərazilərimizin işğaldan azad edilməsi nəticəsində bir neçə yüz kilometr uzunluğunda dövlət sərhədlərimizə tam nəzarəti müstəqillik tariximizdə ilk dəfə bərpa etmişik. Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. Ölkə iiqtisadiyyatı iki qlobal maliyyə böhranından uğurla çıxmış, xarici təsirlərə davamlı olmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir. Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdir. 2012‒2021-ci illərdə qeyri-neft/qaz ÜDM-i hər il orta hesabla 3,5% artaraq, 2011-ci ildəki 25,4 mlrd manatdan 2021-ci ilə 57,8 mlrd manata, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən 2021-ci ildə 62,2%-ə çatmışdır. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyümüşdür. Ölkəyə gələn turistlərin sayı 2011-ci ildəki 1,6 mln nəfərdən artaraq 2019-cu ildə 2,9 mln nəfərə çatmışdır. Aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun payı əhəmiyyətli dərəcədə böyümüşdür.

K.Bayramov əlavə edib ki, ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz, ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq”.

Xəbərlər