Cəmiyyət 19 Yanvar 2023, 13:16 | Baxış sayı: 154
“Polis olmasa, ölkəni xaos bürüyər, güclü-gücsüzü əzər, gecələr heç kim qorxusundan çölə belə çıxmaz”

Xəbər verdiyimiz kimi, “Tik Tok”da canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gənc saxlanıldıqdan sonra onun uzun saçları yığılıb, kəsilib və bu  formada fotoları çəkilib. DİN hadisənin polis tərəfindən törədilməsini təkzib etdi. Lakin müzakirələr davam edir. Bildirilir ki, gənci bu cür cəzalandırmaq düzgün deyil.

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, polisin təhqir edilməsini yolverilməz sayır.

 

R.Nurullayev vurğulayıb ki, polisi nüfuzdan salmaq, aşağılamaq olmaz: “Bu cür hallar cəmiyyətimizin xeyrinə deyil. Polis olmasa, ölkəni xaos bürüyər, güclü-gücsüzü əzər, cinayətkarlıq tüğyan edər, gecələr heç kim qorxusundan çölə belə çıxmaz. Azərbaycan, məhz polisin fəaliyyəti nəticəsində təhlükəsiz ölkəyə çevrilib və gecənin istənilən vaxtı bayıra çıxa, küçədə gəzə bilirik, ailəmizdən, uşağımızdan o qədər də narahat olmuruq. Təəssüf edirəm ki, baxış, qazanc və digər məqsədlər üçün sosial şəbəkələri “qaydasız döyüş rinqi”nə çevirənlərin sayı xeylidir. Sosial şəbəkələri təhqir yuvasına çevirənlərə qarşı ən sərt tədbirlərin görülməsinin tərəfdarəyam. Konkret gəncin saçının qırxılmasını və bunu cəza və ya qisas mexanizmi kimi tətbiq etməyi isə yolverilməz sayıram. DİN sözçüsü Elşad Hacıyev bu ittihamı rədd edib. Doğurdan da, polisin öz idarəsində gəncin saçını kəsib, sonra da onun telefonu ilə çəkməsi inandırıcı deyil. Gəncin özü də bu barədə danışmalıdır. Polisin ləyaqətinin alçaldılmasını və şəxsiyyətinin aşağılanmasını nə qədər yolverilməz hesab edirəmsə, vətəndaşların da ləyaqətinin və şəxsiyyətinin alçaldılmasını o qədər yolverilməz hesab edirəm…”

Xəbərlər