"PCR test tələbi ləğv edilsin, quru sərhədləri açılsın".
“Operativ qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. Indi isə bu tələb aradan qaldırılmalıdır. İstanbul hava limanında niyə bizim vətəndaşlarımız PCR test verməlidir? Bu tələbi ədalətsiz qərar sayıram”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, demək olar ki, hər kəs peyvənd olunub: “Bir kağız parçasına elə qiymət qoyublar ki... PCR test tələbi ləğv edilsin, quru sərhədləri açılsın, gözü yollarda qalan hotellər də turistləri qəbul etsin”.
R. Nurullayev pandemiya dövründə müvafiq tələblərin pozulması ilə bağlı yazılan cərimələrin ləğv edilməsini də təklif edib: “Qonşu Gürcüstan bu addımı atıb. Ona görə də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və bu layihəni müzakirəyə təqdim etməsini təklif edirəm”.