Plenar iclaslar 14 Dekabr 2021, 12:02 | Baxış sayı: 197
“Operativ Qərargah yas mərasimlərinin keçirilməsi ilə bağlı qərar qəbul etsə, yaxşı olar”.

“Operativ Qərargah yas mərasimlərinin keçirilməsi ilə bağlı qərar qəbul etsə, yaxşı olar”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanda 150 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilir: “Müxtəlif yerlərdə mənə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin, hüzrü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Nə fərqi var ki, məclis məclisdir! Qoy yas məclislərinə də 100-150 nəfərin iştirakına icazə verilsin. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”.

Deputat həmçinin təklif edib ki, məscidlərdə 50 nəfərlə bağlı məhdudiyyət toy sayına bərabərləşdirilsin: “Bu sayın ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda, eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edir. Onun üçün də mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

Xəbərlər