"Onlarla ən yaxınlarım işsizdir və məni günahlandırırlar ki, deputat da oldun, bizi işə düzəltmədin".
Milli Məclisin deputatı Razi Nurullayevin Dövlət Məşğulluq Agentliyini tənqid etməsi birmənalı qarşılanmayıb. Bildirilir ki, deputat Agentliyə qarşı qərəzli olduğu üçün belə bir açıqlama ilə çıxış edib.
R.Nurullayev Pravda.az-a müsahibəsində haqqında səsləndirilən fikirlərə münasibət bildirib: “Dövlət Məşğulluq Agentliyinə və rəhbərliyinə qarşı heç bir qərəzim yoxdur, ola da bilməz. Olan reallığı, acı həqiqətin yaratdığı dözülməz halı demişəm. Agentliyin işində ciddi qüsurlar və məsuliyyətsizlik var. İşə qiymət necə verilir? Alınan nəticəyə görə. Onlarla ünsiyyətimin, xahişimin, qanuni tələbimin nəticəsi sıfırdırsa, necə susum? Əslində, iki ildir ki, susuram, amma sonunda seçicilər tərəfindən artan təzyiqlər səbəbindən “partladım”. Heç bir məmurla üz-göz olmaq niyyətim yoxdur. Əksinə, çalışıram dost olam, yaxşı münasibət quram ki, qarşılıqlı olaraq problemlərin həllinə töhfə verək, bir-birimizi görəndə hal-əhval tutaq, ictimai və milli maraqlar üzərində əməkdaşlıq edək. Amma gərək bunlar qarşılıqlı olsun. Hörmət qarşılıqlı, ikitərəfli olanda uzunmüddətli olur. Yenə də deyirəm ki, heç kimlə şəxsi qərəzim yoxdur, hər kəsi başa düşməyə çalışıram. Bəzən qarşı tərəf normaları, hörməti, sayğını pozur və mən də məcburiyyət qarşısında danışmalı oluram. Axı, doğurdan da, yalnız və yalnız seçicilər, şikayətçilər üçün müraciət etmişəm, yaxınlarım üçün iş istəməmişəm. Hərçənd ki, onlarla ən yaxınlarım işsizdir və məni günahlandırırlar ki, deputat da oldun, bizi işə düzəltmədin. Heç öz yaxınlarıma, qohumlarıma görə onlara bir dəfə də olsun müraciət etməmişəm…”