Cəmiyyət 22 İyun 2023, 1:21 | Baxış sayı: 127
“Ölkəmiz üçün ələlxüsus belə bir həssas vaxtda sakinlərimiz səbrli olmalı, hərəkətlərinin qanun çərçivəsində olmasına diqqət yetirməlidirlər”

Dünən Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisə bu rayonun sakini olaraq məndə böyük təəssüf və narahatlıq hissi doğurur. Daxili İşlər Nazirliyinin verdiyi məlumatda da göstərilən kimi, Gədəbəy rayonunun Söyüdlü kəndində süni gölün tikintisi prosesində bir qrup kənd sakini ilə polis arasında insident yaşanıb. İnsident zamanı bir qrup kənd sakini süni gölün ərazisində işləyən fəhlələrə daş atıb, onlara qarşı küt alətlərdən istifadə edib, polisə müqavimət göstərib.

Bunu Milli Məclisinin deputatı Sevinc Hüseynova deyib.

Millət vəkili söyləyib ki, xoşagəlməz və ən çox müzakirə olunan məsələ isə orada polis əməkdaşının yaşlı qadınlardan birinə gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlı görüntüdür. Məlumat üçün bildirim ki, Söyüdlü kəndi rayonumuzun ən böyük kəndlərindəndir və bu kənd həm də ən çox ziyalı yetişdirən kəndlərdən biridir. Sözügedən göl isə 10 ildən artıq müddətdir ki, bu ərazidə mövcuddur. Gölün, ümumiyyətlə "Azerbaijan İnternational Mining Company"nin fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı aidiyyatı qurumlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və bu məsələ dövlətin nəzarətində saxlanılır”.

Deputat bildirib ki, artıq aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər görülməkdədir: “Hadisə zamanı polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsi faktının araşdırılması DİN əməkdaşları tərəfindən aparılır, məsələyə hüquqi qiymət veriləcək. Əhalini narahat edən məsələnin, Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunmasının araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə komissiya yaradılıb”.

Sevinc Hüseynova hesab edir ki, bu, arzuolunmaz bir hadisədir: “Ölkəmiz üçün ələlxüsus belə bir həssas vaxtda sakinlərimiz səbrli olmalı, emosional hərəkətlərdən çəkinməli, hərəkətlərinin qanun çərçivəsində olmasına diqqət yetirməlidirlər”.

Mənbə: teleqraf.com

Xəbərlər