daxili siyasət 22 Dekabr 2022, 16:56 | Baxış sayı: 214
"Ölkəmizə qarşı yenə də ikili standartlar nümayiş etdirilir"

Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Azərbaycan ərazilərinin bir hissəsinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi. Missiyası sülh məramı olsa da, bu qüvvələr fəaliyyətə başladığı vaxtdan üzərilərinə düşən vəzifəyə məsuliyyətlə yanaşmır, ikili standart nümayiş etdirirlər.

Azərbaycanın qızıl və mis yataqları gözlərinin qarşısında talanır, əraziyə başqa ölkələrin vətəndaşları rahatca girə bilirlər, amma Rusiya sülhməramlıları buna göz yumur və şərait yaradırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının məsuliyyətsizliyinin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə Zəfərdən sonra 2021-ci il istehsalı olan minalar yerləşdirilib. Mina partlaması nəticəsində həyatını itirən və xəsarət alan insanların taleyi üçün kimlər cavab verməlidir? İnsan hüquqlarından danışan beynəlxalq təşkilatlar niyə susurlar?

“Şuşa-Xankəndi yolunda azərbaycanlıların etiraz aksiyası dinc aksiyadır. Amma Ermənistanın tələbi ilə bu məsələnin BMT Təhlükəsizlik Şurasının iclasına çıxarılması Azərbaycana qarşı ikili standartların təzahürüdür. Bu da erməni lobbisinin və diasporunun nə qədər güclü olduğunu göstərir. Biz ədaləti və haqqı tələb edirik. Biz öz ərazilərimizdə təbii sərvətlərimizin talanına son qoyulmasını istəyirik. Tələbimiz odur ki, özbaşınalığa son qoyulsun”, – deyə S.Xasayeva söyləyib.

Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozduğunu bildirən deputat buna görə Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu qeyd edib. Azərbaycan hökuməti təbii olaraq, ərazisində əlvan metalların qeyri-qanuni hasilatını həyata keçirən şirkətlərə qarşı hüquqi tədbirlər görəcək.

“Azərbaycan fəallarının, ekoloqlarının, media nümayəndələrinin keçirdikləri sülh aksiyasının Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmadığını Ermənistan da bilir, sülhməramlılar da. Sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir.

Şuşa-Laçın yolunda keçirilən etiraz aksiyası haqq işi uğrunda birliyimizin təzahürüdür və uğurla nəticələnəcək”, – deyə Səbinə Xasayeva vurğulayıb.

Xəbərlər