Siyasət 5 May 2023, 16:52 | Baxış sayı: 162
"Ölkə başçısının işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır"

"Bu gün yeni reallıq yaranıb. Azərbaycan qurucu dövlət kimi böyük quruculuq işlərinə start verib. Ermənistan bunu görməlidir ki, azərbaycanlılar qurucu xalqdır. Yaratmış olduğumuz reallığın nəticəsidir ki, Azərbaycana Ermənistan lazım deyil, çünki Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub. Biz illər ərzində bütün qonşu dövlətlərlə aktiv, bir o qədər də, konstruktiv siyasət yürüdərək heç bir dövlətə qarşı ərazi iddiası etmədən, təşəbbüskarı və tərəfdaşı olduğumuz bütün layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək qonşu dövlətlərlə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra etmişik. Ermənistan tərəfi hər şeydən öncə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun. Dövlət başçımızın qeyd etdiyi kimi, əgər, rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər.” Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən, Şuşa şəhərinə etdiyi hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır.  Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. İşğaldan azad edilmiş və Qarabağın incisi olan Şuşanın milli tariximizdə mühüm yeri vardır. Dövlətimizin başçısı bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı.  Azərbaycan mədəniyyəti həm Şərqin qədimliyini, həm də Qərbin müasirliyini özündə ehtiva edən mədəniyyət nümunəsidir. Şuşa isə Azərbaycanın qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Ulu öndər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə dəfələrlə Şuşada olmuşdu. Bir çox mədəniyyət tədbirlərində iştirak etmişdi, Qarabağın, həmçinin, Şuşanın inkişafı ilə bağlı tədbirlər görmüşdü. Ümummilli Lider Şuşanın hərbi-strateji mövqeyini də yaxşı bilirdi. Dağların zirvəsində qərar tutmuş qədim Azərbaycan yurdunun yalnız xəyənət nəticəsində alına biləcəyini söyləyirdi. Çıxışlarının birində deyirdi: “Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar. Bu şəhərdə Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıb». Bununla da Heydər Əliyev Şuşanın xalqımızın mənəvi dünyasında yaratdığı boşluğun ağrısını yaşayırdı. Amma o, əmin idi ki, gec-tez Azərbaycan xalqı bu haqsızlığa son qoyacaq, Şuşa öz əzəli sahiblərinə qayıdacaq. Ulu öndər bu sözləri deməklə həm də millətin ruhunu ölməyə qoymurdu. O, yaxşı bilirdi ki, əsas ruhdur. Xalqımız da 30 ildə bu ruhla yaşadı və bu ruhla da Şuşanı azad etdi.
Mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə» mövzusunda dördüncü beynəlxalq konfransda Prezident İlham Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər - ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi və  milli həmrəyliyimiz bizi  Zəfər Gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Öz çıxışında cənab Ali Baş Komandanımızın dediyi kimi, işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. 
K.Bayramov əlavə edib ki, işğalçılıq siyasəti nəticəsində müstəqil dövlət ola bilməyən, xarici dairələrin əlində alət olan, bu illər ərzində bu siyasətin ağır nəticələrindən əziyyət çəkən Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir. Eyni zamanda, burada xüsusi vurğulanmalı bir məsələ Zəngəzur dəhlizinin açılmasıdır ki, bu hər bir region dövlətindən öncə elə Ermənistanın özünə lazımdır ki, iqtisadi blokadadan çıxsın.

Xəbərlər