“Okeanın o tayından gələn hər hansı sorğu, tapşırıq Azərbaycanda həyata keçə bilməz”
“Türkiyədə keçirilən seçkilər dövründə də gördük ki, FETÖ-nün oradakı seçicilərə təsiri nə qədərdir. Daim onlara təzyiq, təsir göstərir, bu və ya digər şəkildə qanunsuz yollarla seçkiyə müdaxilə etməyə çalışırdılar. Təbii ki, hamısı aşkarlandı. Seçkidən sonra onlara qarşı addımlar atılmağa başladı. Başqa-başqa yerlərdə FETÖ-nün təmsiçiləri hələ də qalıb, onlar haqqında da məlumat əldə olundu. Azərbaycan və Türkiyənin Daxili İşlər Nazirlikləri arasında çox geniş əlaqələr var. FETÖ məsələsində həmişə cinayətkarlara qarşı birgə mübarizə aparırlar. Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər adiyyəti qurumlar məlumat mübadiləsi ilə əlaqədar bir-birinə mütəmadi dəstək olurlar”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Azərbaycanda dini ayrı-seçkilik yoxdur: “Azərbaycan tolerant ölkədir. Hər kəsin qanuni dini baxışlarına, yəni dövlət qeydiyyatından keçmiş hər hansı icma, din varsa, ona hörmətlə yanaşılır. Cənab Prezident tərəfindən də müsəlman, xristian, yəhudi, udin və s. icmalarına mütəmadi olaraq dövlət büdcəsindən vəsait ayrılır. Azərbaycanda kimsə qeyri-qanuni yolla hər hansı fəaliyyətlə məşğul olmaq, bu yolu davam etdirmək istəyirsə, təbii ki, qanunlar qarşısında cavab verməlidir. Qanun seçmir ki, kim hansı vəzifəni daşıyır, hansı inanca xidmət edir, hansı siyasi partiyanın üzvüdür, ya rəhbəridir, yaxud hansı mətbuat orqanında çalışır. Hamı qanun qarşısında bərabərdir. Fərq etməz, müəllim, həkim, partiya rəhbəri, partiya üzvü, dini qurumun nümayəndəsi, qanunu kim pozursa, qanun qarşısında cavab verməlidir”.
S.Novruzov “FETÖ-çülər Azərbaycanda sabitliyi pozmaq gücündədirlərmi?” sualına isə bel cavab verib: “Qəti şəkildə. Ümumiyyətlə, Azərbaycanda belə bir təhlükə yoxdur. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir. Kim hansı inancı istəyirsə, seçir. Bu məsələdə heç kimə təzyiq, təsir yoxdur, amma qanunun “qırmızı xətti” var, bu xəttə qədər...”
Deputat media sektorunda və dövlət orqanlarında FETÖ-çülərin olması barədə məlumatlara isə belə münasibət bildirib: “Əvvəllər kifayət qədər var idi. FETÖ-nün seti ayrı-ayrı strukturlarda, təhsil sistemində, başqa sistemlərdə də var idi. Təhsillə, mətbuatla yox, bilavasitə dövlət işləri ilə, başqa işlərlə məşğul olmağa başlayanda artıq həmin “qırmızı xətt”i keçdilər. Bunların hamısının qarşısı alınıb. Okeanın o tayından gələn hər hansı sorğu, tapşırıq Azərbaycanda həyata keçə bilməz”.