Ümumi 1 Noyabr 2023, 14:39 | Baxış sayı: 219
“Ödənişli yolda radar sistemi quraşdırılmalıdır”

H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinədək uzanan 150 kilometr uzunluğunda yeni ödənişli avtomobil yolunda radar olmaması təhlükə yaradır. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən də məlum olur ki, bəzi sürücülər radarın olmamasından sui-istifadə edərək sürət həddini 200-220 km/saatadək artırırlar. Bu isə faciəvi yol qəzalarını qaçılmaz edə bilər. 

 

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Məmmədov deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən məlumatda ödənişli yoldan istifadə edən vətəndaşların ünvana daha tez və maneəsiz çatacaqları bildirilib. 

 

“Lakin nə qədər pullu xidmət olsa da, düşünürəm, həmin yolda sürət həddi müəyyənləşdirilməli, sürət həddini tənzimləmək üçün radar sistemi quraşdırılmalıdır. Elə maşınlar var, 260 km/saat sürətlə gedir, axı belə olmaz. Yəqin ki, yeni istifadəyə verildiyinə görə sözügedən yolda müəyyən qurğular hələ quraşdırılmayıb, nəzarət yoxdur. Amma bunsuz ola bilməz, mütləq olmalıdır. Hesab edirəm, tam formalaşandan sonra hər şey qaydasına düşəcək. Yolda az da olsa, müəyyən kəsişmələr var. Nəzarət olmasa belə, sürücülərimiz öz təhlükəsizliklərini qorumaq üçün qaydalara riayət etməlidirlər. Yolun tam nəzarətsiz olması mümkünsüzdür. Bu, məntiqli deyil”, - deputat bildirib. 

pravda.az

Xəbərlər