Cəmiyyət, Siyasət 16 Noyabr 2021, 12:47 | Baxış sayı: 250
“O, əlinə silah alıb işğalçılara qarşı döyüşüb, gərək mübarizəsi qiymətləndiriləydi”

Deputat, VHP sədri Sabir Rüstəmxanlı və BQP-nin başqanı Fazil Mustafa AXCP üzvü, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsxanada keçirdiyi aclıq aksiyasına münasibət bildiriblər:

Fazil Mustafa deyir ki, yaxşı olardı ki, Saleh Rüstəmli amnistiya ilə azadlığa çıxsın. Çox güman, Saleh Rüstəmlinin ittiham olunduğu maddələr amnistiyaya uyğun gəlməyib:

“Yaxşı olardı ki, Saleh Rüstəmli amnistiya ilə azadlığa çıxaydı. Ancaq bilmirəm, bəlkə də, Saleh Rüstəmlinin ittiham olunduğu maddələr amnistiyaya uyğun gəlmədiyinə görə belə olub. Amnistiya ümumi xarakterli olur, sənədə hansı maddələr salınırsa, fərq qoyulmadan məhbuslar azadlığa çıxır. İndi elə təqdim edirlər ki, sanki uyğun gəlib, amma buraxmayıblar. Əfvlə bağlı müraciəti olarsa, gündəmə gətirib bu istiqamətdə addım atıla bilər”.

Sabir Rüstəmxanlı isə onu yaxından tanıdığını bildirib:

“O, əlinə silah alıb işğalçılara qarşı döyüşüb, gərək mübarizəsi qiymətləndiriləydi”

O deyir ki, Saleh Rüstəmlinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda fəaliyyəti dəyərləndirilməli idi:

“Saleh Rüstəmli Başkəndin azad olunmasında önəmli rolu olan şəxsdir. O, icra başçısı kimi əlinə silah alıb işğalçılara qarşı döyüşüb. Nəzərə alsaq ki, sonuncu amnistiya Zəfər Günüylə bağlıydı, gərək onun mübarizəsi qiymətləndiriləydi. Amma həbs məsələsi konkret ittihamlara söykəndiyindən əvvəlki xidmətlər nəzərə alınmır. Mənə elə gəlir ki, şəxsi münasibətlərə görə kimin kiməsə pul göndərməsi əsasında adamı həbs etməzlər. Ola bilsin rəğbəti var, bir yol keçiblər, ona görə dəstək olub. Burada həm də pulun miqdarına baxmaq lazımdır. Əgər şəxsi ehtiyacları üçün pul göndəribsə, buna görə adamı həbs etməzlər. Yox, Azərbaycanda daxili çaxnaşmaya xidmət edəcək miqdarda pul göndəribsə, bu başqa. Yəni, bəlkə, dostudur, buna görə həbs yox, xəbərdarlıq etmək olardı”.

“Ona görə də təklif edirəm ki, Saleh Rüstəmli aclığı dayandırsın”.

“Aclıq aksiyası insanların arzulamadığı addımdır. Aclıq etmək çıxış yolu deyil və hüquq məsələsi aclıqla çözülmür. Yaxşı olar ki, Saleh Rüstəmli işin hüquqi çərçivədə həllinə çalışsın. Əfvlə bağlı müraciət etsə, mən müvafiq komissiyanın üzvü kimi məsələni qaldıra bilərəm. Düzdür, əfv hələ gündəmdə deyil, amma amnistiya ilə azadlığa çıxa bilməyənlərin əfvlə azadlığa çıxmaq hüquqları var”.

Meydan TV

 

Xəbərlər