Cəmiyyət 20 İyun 2022, 15:49 | Baxış sayı: 257
"Niyə Azərbaycan məktəblərini məqsədyönlü şəkildə məhv edirsiniz?"

"Azərbaycanın görkəmli şərqşünas alimi, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun qızı Məmmədova Bahar Zakir qızı ilə görüşdüm. Nəzərinizə çatdırım ki, Zakir Məmmədov Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi və başqa Azərbaycan filosoflarının əsərlərinin tədqiqatçısı, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında monumental "Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. O, Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırıb. Qəbulda alimin qızı Bahar Məmmədova ona edilən haqsılıqlardan danışdı. Bəlli oldu ki, Təhsil sistemindəki mütəşəkkil şəbəkənin insanlığa sığmayan hərəkətləri bu xanıma da gəlib çatıb”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.                                                     

Deputat qeyd edib ki, Bahar Məmmədova 1994-cü ildən Xətai rayonu, 98 nömrəli tam orta məktəbdə kimya müəllimi (BDU məzunu) işləyir: “2016-cı ildə direktorluğa imtahan verib. 2017-ci ildən təlim-tərbiyyə işləri üzrə direktor müavini işləyir. 2021-ci ildə Təhsil nazirinin əmri ilə 13 dekabr 2021-ci ildən 2022-ci ilin 13 martına qədər direktor vəzifəsini icra edib. Daha sonra 2022-ci ilin 30 mart tarixindən iyun ayının 30-na kimi direktor vəzifəsini icra müddəti artırılıb. Əmr ola-ola 2022-ci ilin aprel ayının 8-də məktəbə yeni direktor təyin olunub. Həmən direktor Məhərrəmova Yeganə Fərman (Pedaqoji Universitet-filologiya ixtisası) qızıdır. Bu xanım 2015-ci ildə direktor müavini vəzifəsini tutmaq üçün imtahan verib. 2017-ci ildə 257 nömrəli məktəbdə direktor müavini işləyib. 2019-2021 ci illərdə 90 nömrəli orta məktəbdə direktor vəzifəsini icra edib. Töhmətlə işdən xaric edilib. 4 ay işsiz qaldıqdan sonra direktorluğa imtahan vermədən 98 nömrəli məktəbə direktor təyin edilib. 98 nömrəli məktəbin kollektivi kənardan gələn və bioqrafiyası qüsurlu olan Yeganə Məhərrəmovanın təyinatına etiraz əlaməti olaraq nazirə kollektiv müraciət ünvanlayıblar. Kənardan gətirilmə hərəkatının bircə adı var: kollektivdə qarşıdurma yaratmaq. Görəsən nazirin bu işdən xəbəri varmı?”

“Görəsən 28 il bir məktəbdə kimya müəllimi işləyən, məktəbdə vəzifə tutan və kristal bioqrafiyaya malik olan bir xanımı kənar məktəblərin birindən töhmətlə uzaqlaşdırılmış birisi ilə əvəz etməyin adı nədir? Belə halların sayı yüzlərlədir. Maddi maraq bu qədərmi gözlərinizi tutub? Ölkədə Təhsil nazirliyində və Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) oturan təhsil dəllallarının adını hamı bilir: məhəbbətvəliyevaların rəfiqləri və rəfiqələri, fuadbabayev kimilərin özü və rəfiqələri: niyə Azərbaycan məktəblərini düşünülmüş, məqsədyönlü və təşkilatlanmış şəkildə məhv edirsiniz? Gedin kənarda ticarətlə məşğul olun. Təhsil çetesindən cana doyanlar imdad diləyirlər...” -E.Əliyev əlavə edib.

Xəbərlər