Cəmiyyət 17 Avqust 2022, 13:08 | Baxış sayı: 224
“Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxilolmaları vəd etmir”.

Milli Məclisin deputat Vüqar Bayramov neftin qiymətindəki azalmaların daha çox qlobal iqtisadiyyatda müşahidə olunan durğunluqla bağlı olduğunu deyib. “Neftin dünya bazarındakı qiymətində yenidən azalmalar müşahidə edilir. Son aylar bir bareli 100 dollardan yüksək təklif edilən “qara qızıl” indi 94 dollardan ucuz satılır. Son 1 ayda neftin qiyməti 13 faizə yaxın aşağı düşüb. Neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatında müşahidə olunan durğunluq ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1%-dən 2,9%-dək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4% artım proqnozlaşdıran avropalılar bu göstəricini 2,8% azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb. Bu da qiymətlərdə müşahidə olunmaqdadır”.Deputat həmçinin bildirib ki, Çin iqtisadiyyatının azalacağı ilə bağlı gözləntilər bazara birbaşa təsir göstərməkdədir. “Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğuna görə, istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxil olmaları vəd etmir”.

Mənbə: Pravda.az

Xəbərlər