"Neçə illik çiban artıq təmizləndi”
“Qondarma rejimin özünü buraxması təbii ki, labüd idi. Artıq proseslər buna doğru gedirdi. Bu, Azərbaycanın növbəti böyük qələbəsidir və 200 ildən artıq dövrdə olmayan prosesdir. Ali Baş Komandan tərəfindən bu proseslər həyata keçirildi. Azərbaycan dünyaya sübut etdi ki, nə dinc sakinlərə atəş açıldı, nə də onlar incidildilər. Laçın postundan çıxanda televiziyalarımızın erməni sakinlərdən aldıqları müsahibələrdə görürüsünüz ki, hamısı etiraf edirlər, heç kimə hədə-qorxu gəlinməyib, öz xoşumuzla tərk edirik, ola bilsin, gələcəkdə qayıtdıq... Humanitar yardımların verilməsi, yanğının söndürülməsi, mobil xəstəxanaların qurulması, ermənilərə tibbi, insani yardım göstərilməsi - cənab Prezidentin səlahiyyətli nümayəndəsinin görüşündə hansı məsələni qaldırdılarsa, həmin məsələni Azərbaycan dərhal həll etdi. Qazına, işığına, yanacağına, dərmanına, yeməyinə, ərzağına qədər hər bir məsələ öz həllini tapdı. Azərbaycan dövləti göstərdi ki, mənim vətəndaşımdır, bu vətəndaşların qeydinə hansısa dövlət yardımı, yaxud hansısa dövlətin bunlara atdığı “pay”la yox, özü öz hesabına bütün tədbirləri həyata keçirə bilir, keçirəcək də. Böyük uğurdur, xalqımızı təbrik edirəm. Neçə illik yara, çiban artıq təmizləndi”.
Bu sözləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ardıcıl şəkildə, mərhələ-mərhələ atdığı həm hərbi, həm siyasi, diplomatik addımlar nəticəsində çox böyük uğurlar əldə edib: “Necə ki cənab Prezident demişdi: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” Doğrudan da, görürük, gərək vaxtı çata ki, hər şey həllini tapsın. Vaxtından əvvəl hər hansı addım atmaq sonradan çox böyük çətinliklər törədə bilər. İşğal altında qalan ərazilərimizin bərpası, quruculuq işləri, həm də indi gedən proseslər - bütün bunları Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddəki insanlar başa düşürlər. Azərbaycan öz sülhməramlılığını, humanistliyini artıq elan edib. Cənab Prezident də qeyd etdi ki, erməni sakinləri Qarabağda Azərbaycan vətəndaşlarına verilən hüquqlarla qala bilərlər. Kim istəmirsə, Qarabağı tərk edə bilər. Ən əsası isə bildirildi ki, cinayətkarlara heç bir güzəşt olunmayacaq. Hər kəs Xocalıda azərbaycanlılara qarşı törətdiyi cinayətlərin hesabatını verməlidir. Bu, yeni bir sistemin əsasını qoyur ki, harada olmasından, zamanından, məkanından asılı olmayaraq törətdiyin cinayətin cavabını verməlisən. Uşaqlara, qocalara, qadınlara qarşı törədilən cinayətlərin qarşısının alınmasının yeni metodu ortaya qoyuldu”.
pravda.az