Cəmiyyət 11 İyul 2023, 15:22 | Baxış sayı: 177
"Nazirdən heç nə xahiş etməmişəm, böhtan atırlar

Xəbər verdiyimiz kimi, Elm və Təhsil naziri Emin Əmrullayevin "Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır" fikri cəmiyyətdə narazılıqlara səbəb olub.

Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev də nazirin bu fikirlərini tənqid edib və onun Azərbaycan xalqından üzr istəməli olduğunu bildirib.

Millət vəkilinin bu açıqlamasından sonra onun nazirdən qohumu ilə bağlı xahiş etdiyi və rədd cavabı aldığı üçün Emin Əmrullayevi qərəzli şəkildə tənqid etdiyinə dair iddialar gündəmə gəlib.

Belə ki, Lent.az saytının məlumatına görə, deputatın statusundan az sonra onun nazir Əmrullayevə göndərdiyi whatsapp mesajı statusu ilə yanaşı paylaşılıb: "Mesajda deputat nazirdən 65 yaşı tamam olmuş qohumunun müəllim kimi iş müddətinin 1 il daha uzadılmasını xahiş edib".

Etibar Əliyevin qohumu ilə bağlı nazirdən xahiş etdiyinə dair iddialarla bağlı onun özü əlaqə saxladıq.

Millət vəkili Etibar Əliyev Bakupost.az -a açıqlamasında nazirdən heç bir xahişinin olmadığını vurğuladı:

“Deputatlar ayda iki dəfə qəbul keçirir və qəbul zamanı vətəndaşların müraciətlərinin qeydiyyatını aparırlar. Nazirliklər, komitələr, dövlət orqanları bunu başa düşməlidir. Vətəndaşların ən çox müraciət etdiyi sahə də məhz təhsil və məhkəmə sistemidir. Biz bu müraciətləri çox vaxt sorğu şəklində göndəririk. Mən Nazirliyin İctimai Şurasının üzvü olduğum üçün “WhatsApp” üzərindən qeyd edirəm. Çox qanuni bir məsələni qaldırmışam, xahiş etməmişəm. Mənim qohumum bir məktəbin müəllimidir. Bizim ərazidə yaşayır, seçicidir. Bu cür yazdım: “Bir məktəbin nümunəvi müəlliminin 65 yaşı tamam olur. Onun müqaviləsinin müddətini 1 il artırmaq mümkündürmü? Məktəb direktorunun da müsbət xarakteristikası var”. Mənim müraciətim bu cür olub. O isə “yox” cavabı verdi. Məsələni həll edə bilmədilər. Qanunvericilikdə də 65 yaşdan sonra müddəti uzatmaq mümkündür. Bu cür yüzlərlə müəllimlərin müqavilə müddəti artırılır. Onlar qanunverciliyi də bilmirlər”.

Deputat bildirdi ki, onun tənqidi çıxışının bu məsələ ilə heç bir əlaqəsi yoxdur:

“Nazir Emin Əmrullayev həmin yazışmanı ictimailəşdirib. Guya ki, mən xahiş etmişəm. Xahişlə məsələ qaldırmaq arasındakı fərqi anlamırlar. Nazirin “25 yaşdan yuxarı 60 faiz insan oxuduğu mətnin əsas məzmununu başa düşmür” çıxışına münasibətimin bu məsələyə heç bir aidiyyatı yoxdur. Böhtan atırlar. Məsələni yaynıdırırlar. Ölkənin Təhsil naziri şəxsi yazışmanı ictimailəşdirir. Mən də bu məsələni həm Şura sədri, həm də deputat kimi qaldıra bilərəm”.

E.Əliyev təhsil sistemində bir sıra problemlərin olduğu və bunlarla bağlı təkliflər irəli sürdüyünü dedi:

“İctimai Şuranın sədri Günel Səfərova deyir ki, Etibar Əliyev Şura üzvlüyü müddətində heç bir təklif irəli sürməyib. Günel xanımdan bu fikrini korrektə etməsini xahiş edirəm. İctimai Şuranın son iclası da daxil omaqla, bütün iclaslarının stenoqramlarını çıxarsın, görək ən çox kim təklif edib. Bütün iclaslarda çıxışlarım olub. Abituriyentlərin topladığı balların acınacaqlı olması, sertifikasiyadakı zəif nəticələr, magistraturaya imtahan verənlərin qeyri-qənaətbəxş qiymətləndirilməsi ilə bağlı məsələ qaldırımışam. Nə üçün QS reytinqində Qazaxıstanın 7 universiteti var, bizim isə heç bir universitetimiz yoxdur? Bu məslələri də qaldırmışam. Bunlar ictimai mənafeyə xidmət edən məsələlərdir. Şəxsi məsələlər deyil. İctimai Şuranın savadlı üzvləri var. Lakin bu qurumun təhsildə heç bir səlahiyyəti yoxdur. Nazir məhdudlaşdırıb. Bu da "İctimai iştirakçılıq haqqında" qanunun tələblərinə ziddir.

Millət vəkili təhsil sistemi ilə bağlı narazı qaldığı məqamları da qeyd etdi:

“Niyə regional təhsil idarələrinə əsasən, mühasib və idmançıları təyin edirlər? Nə üçün idarəetmədə rasionallıq yoxdur? Nazir müavinləri demək olar ki, özlərinə aid olan kurasiyalara müdaxilə edə bilmirlər. Nə üçün nazirliyin mərkəzi aparatında qeyri-peşəkarlar toplaşır? Nə üçün məktəb mühiti dağıldılıb? Uşaqların dərsə davamiyyəti 40 faizdən aşağıdır. Nə üçün müqəddəs dəyər hesab etdiyimiz təhsil sistemində bu qədər qohumbazlığa, dəstəbazlığa yer verilir? Bu suallara indiyə qədər cavab tapmamışam. Bunlar arzuolunan deyil”.

Etibar Əliyev sonda istefası ilə bağlı bunları dedi:

“Son iclasda tənqidimlə bağlı təlimatlanmış şəkildə mövqe sərgilədilər. İki məsələ də təklif etmişdim. Onları da gündəliyə salmadılar. Bu da istefamı zəruriləşdirdi”.

Xəbərlər