"Nə iqtidara yarınmaq öhdəliyim, nə də iqtidarın ömrünü uzatmaq fikrim var. Əksinə onların bizim qarşımızda borcları var".
Deputat Razi Nurullayevin Anews saytı üçün verdiyi müsahibədə suallardan birinə cavabını öz sosial media hesabında paylaşıb:
Sual: -2018-ci ildə prezident seçkilərindən öncə, çıxışlarınızın birində demişdiniz YAP-ı devirəcəksiniz, lazım gəlsə qazi, şəhid olacaqsınız. Amma deputat olandan sonra çıxışlarınız sanki yumşaldı. Bunun bir əsası varmı?
- İcazə verin çıxışlarımın yumşalması fikri ilə bağlı mən sizinlə razılaşmayım. Məndə heç bir yumşalma olmayıb. Sadəcə, Qarabağla bağlı məsələlər çox intensiv fazasına daxil oldu. Belə bir vəziyyətdə YAP-ı zəiflətmək, YAP-a qarşı müxalifətçilik aparmaq düzgün olmazdı. 44 günlük müharibə bizi birləşdirdi. Qarabağın işğalda olan əraziləri azad olundu. 44 gündə İlham Əliyev güclü performans göstərdi.
Nə iqtidara yarınmaq öhdəliyim, nə də iqtidarın ömrünü uzatmaq fikrim var. Əksinə onların bizim qarşımızda borcları var. Özü də kiçik deyil, böyük borcları var. Hər bir milli məsələdə yanlarında dayanmışıq. Bu bizim borcumuzdu, onların da borcu Azərbaycanda siyasi fəaliyyət üçün normal şərait yaratmaqdı. Mənim şəxsən narazılıqlarım çoxdu, dilə də gətirirəm. Ölkədə islahatlar tezləşdirilməlidir. Ölkədə ədalət tərəzisi pozulub, ədalət məhkəməsi yoxdur. İnsanlar haqq və azadlıqlarını təmin edə bilmirlər. Ölkənin bəzi strukturları iflic olub, işləyə bilmir.