Cəmiyyət 11 Noyabr 2022, 14:27 | Baxış sayı: 144
"Müxalifətin mitinqlərinə Rəşad Dağlının məhkəməsinə gələnlərdən daha az adam gəlir"

“Rəşad Dağlının məhkəməsində izdiham yaşanması başadüşüləndir. Desək ki, bu, yalnız Azərbaycana xasdır, yalan olar. Azərbaycan insanının digər ölkələrdə yaşayan insanlardan elə bir ciddi fərqi yoxdur. Başqa ölkələrdə də müğənnilər, artistlər, mədəniyyət adamları həbs olunanda, yaxud incidiləndə, öldürüləndə bu şəkildə izdihamlar yaşanır. Bu, onların sənətinə verilən qiymətin göstəricisidir. Artıq insanlar onun törətdiyi cinayətə görə deyil, qəlblərində ona bəslədikləri məhəbbəti büruzə vermək üçün bunu edirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, izdihama görə insanları qınamağa ehtiyac görmür: “O insanların izdihama yığışması “Rəşad Dağlı günahkar deyil, öldürməklə düz edib” anlamına gəlmir. Təbii ki, olmasa, yaxşıdır. Amma bu insanlar, sadəcə, dəstək göstərirlər, “Rəşad Dağlı cinayətkar deyil” deməyiblər. Bu baxımdan izdihamı insanların qəlblərindəki hislərini büruzə vermələri kimi qiymətləndirmək olar. Serbiyalı məşhur tennisçi Novak Cokoviçin vizası Avstraliya tərəfindən ləğv edilərkən hər gün polisin, məhkəmənin qarşısında minlərlə insan mitinq keçirirdi. Cokoviç Avstraliyada böyük bir turnirdə iştirak etməli idi. Vizasının ləğv olunmasına səbəb koronavirusa qarşı peyvənd və testlə bağlı bəndi səhv doldurması olmuşdu. Halbuki tennisçi doğrudan da qayda-qanunları pozmuşdu, qanunlara hörmətsizlik etmişdi. İnsanlar onu tanıyıb, hörmət edirdilər, müəyyən mənada kömək etmək istəyirdilər. Rəşad Dağlının öldürdüyü şəxslə bağlı “həbsxanadan yeni çıxmışdı”, “Rəşad Dağlıya ağır söyüşlər söyüb, o da söyüşü götürməyib qarşı tərəfi qətlə yetirib” kimi məqamlar da insanların Rəşad Dağlıya dəstək verməsində rol oynadı. Əvvəllər kim kimə qarşı ağır söyüş söyürdüsə - üzr istəyirəm, söhbət “ana-bacı söyüşü”ndən gedir, yadımdadır ki, belə söyüş söyənlər cəzalandırılırdı. Kimisi qarşı tərəfi “razborka”ya, hesablaşmağa çağırırdı, ya onu bıçaqlayırdı, ya öldürürdü. Bu, namus üstündə öldürmək kimi qiymətləndirilirdi. Ola bilsin, bəzi insanlar bu məsələyə belə qiymət verərək Rəşad Dağlıya dəstək göstəriblər. Həqiqət nədirsə, təbii ki, məhkəmə ortaya çıxaracaq. Rəşad Dağlı da qanunları pozub, adam öldürüb. Bu, doğrudan da böyük bir hadisədir, cinayətdir. Hakimiyyət orqanı da qanunun tələblərinə uyğun onu həbs edib. Məhkəmə də həbs qərarı çıxarıb. Burada qanunun tələb etdiyi mexanizmlə hərəkət edilib”.

 

R.Nurullayev “müxalifətin mitinqlərinə 5-10 nəfər gəlir, Rəşad Dağlı üçün heç bir çağırış edilmədiyi halda izdiham yaşandı” deyənlərə isə belə cavab verib: “Təbii, müxalifətin mitinqlərinə daha az adam gəlir. Bir müğənni çıxıb desə ki, pulsuz konsert verirəm, on minlərlə, hətta yüz minlərlə insan axışıb ona qulaq asmaq istəyəcək. Bu, bütün dünyada belədir. Bəzən siyasətçinin həbs edilməsinə görə də, müxalifətin mitinqlərinə də on minlərlə adam yığılır. Yaxud müxalifət üzvləri həbs ediləndə on minlərlə adam yığılıb azadlıq tələb edirlər. Belə çıxır ki, Azərbaycanda mitinq, piket keçirən, narazılıq bildirən müxalifətə xalqın etimadı, inamı yoxdur. Etimadı olsa, niyə mitinqə gəlməsin? Kimlərsə bunu qorxu hissi, təzyiqlə əlaqələndirə bilər. Düşünürəm, bu, doğru yanaşma deyil. Dünyada elə ölkələr var ki, qanunları daha sərtdir. Azərbaycan pis-yaxşı demokratiyası olan bir ölkədir. İnsanların söz, fikir azadlığı var. Bizdə sosial media azaddır. İnsanların video çəkib paylaşması, fikrini bildirməsi – hamısı azad şəkildə həyata keçirilir. Hər bir insan ən sərt şəkildə tənqidini də səsləndirə bilir. Bu baxımdan, “təzyiq olacaq”, “qorxuruq” kimi məsələlər artıq ikinci plana keçir. Söhbət yalnız etimaddan, inamdan gedə bilər. Bu günə qədər özüm müxalifət olaraq mitinq çağırışı etməmişəm, piket keçirməmişəm. Ona görə də mən bu fikirləri mitinq, piket keçirməyənlərə aid etmirəm. Kim bunu edib və etimad qazanmayıb, xalqın dəstəyini almayıbsa, onlara aiddir. Yəqin ki, mən də nə zamansa mitinq çağıracağam, piket keçirəcəyəm, hansısa formada etirazımı bildirəcəyəm. O zaman mənim də çağırışıma insanların etimadı olmasa, deməli, mən də onların sırasına qoşula bilərəm. Bu gün hər bir siyasətçi gücünə uyğun hərəkət etməlidir. Kim başqa formatda xalqla işləyib, xalqın məhəbbətini qazanıb, dövlətçiliyin yanında dayanıb, dövlətini, torpağını, xalqını sevərək mübarizə aparıb, çağırış edirsə, mütləq xalqın reaksiyası olacaq. Yəqin, bu kimi xüsusiyyətlər, keyfiyyətlər onlarda yoxdur”.

Xəbərlər